Menyu

“Black Friday” zamanı kiberdələduzluqdan necə qorunmaq olar?

Nicat Hüseynli
“Black Friday” zamanı kiberdələduzluqdan necə qorunmaq olar?
1 dəq oxu

“Black Friday” endirimləri zamanı onlayn alış-verişin artması kiberdələduzlar üçün də yeni imkanlar yaradır. Saxta mağazalar, fişinq mesajları və aldadıcı reklamlar vasitəsilə istehlakçıların şəxsi və bank məlumatlarının ələ keçirilməsi riski artır.

Bu barədə Operativ Media-ya İT üzrə mütəxəssis Kamran Əsədullayev danışıb.

Onun sözlərinə görə, kiberdələduzlar insanların endirimlərə marağından və tələsik alış-veriş qərarlarından istifadə edərək müxtəlif üsullarla onların məlumatlarını ələ keçirməyə çalışırlar.

Mütəxəssis bildirib ki, ən geniş yayılmış üsullar arasında tanınmış mağazaların saytlarına bənzər saxta səhifələrin yaradılması, fişinq mesajlarının göndərilməsi, sosial şəbəkələrdə aldadıcı reklamların paylaşılması və saxta çatdırılma bildirişləri yer alır.

Kamran Əsədullayev istehlakçılara alış-verişdən əvvəl saytın etibarlılığını yoxlamağı, rəsmi mağaza səhifələrindən istifadə etməyi və müstəqil platformalardakı rəyləri araşdırmağı tövsiyə edib.

O qeyd edib ki, onlayn ödənişlər zamanı virtual kartlardan istifadə etmək, kart məlumatlarını və birdəfəlik təsdiq kodlarını heç kimlə paylaşmamaq, hesablar üçün iki mərhələli təsdiqləməni aktivləşdirmək vacibdir. Həmçinin bank əməliyyatlarını mütəmadi izləmək və ictimai Wi-Fi şəbəkələri üzərindən ödəniş etməmək tövsiyə olunur.

Mütəxəssis vurğulayıb ki, kiberdələduzluqla üzləşən şəxslər vaxt itirmədən bankla əlaqə saxlamalı, kartı bloklatmalı, şifrələrini dəyişməli və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.

Onun fikrincə, “Black Friday” dövründə maliyyə təhlükəsizliyinin qorunması üçün rəqəmsal savadlılığın artırılması və internetdə ehtiyatlı davranmaq xüsusi əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər