http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ötən əsrdə ilkə imza atan azərbaycanlı qadınlar

08 Mart 2023 , 18:35
Ötən əsrdə ilkə imza atan azərbaycanlı qadınlar

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

"Operativ Media" XX əsrdə ilklərə imza atan azərbaycanlı qadınları sizin üçün bir araya toplayıb:

İlk qadın təyyarəçi:  Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub. Leyla Məmmədbəyova ilk təhsilini Bakıda alıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya köçüblər. İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir. Yetkinlik yaşına çatmamış dörd uşaq anası mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakına imkan verilməyib. Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırmış, sonralar OADKYC-nin Bakı filialında sədr müavini kimi çalışmışdır. 1961-ci ildə təqaüdə çıxmışdır. Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

İlk azərbaycanlı qadın hərbi pilot:  Züleyxa Seyidməmmədova  22 mart 1919-cu ildə Bakıda anadan olub. Züleyxa Seyidməmmədova Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. O, İkinci Dünya müharibəsində iştirak etmiş və Marina Raskova tərəfindən yaradılmış 586-cı qırıcı aviasiya alayının şturmanı olmuşdur. Stalinqrad, Kursk, Korsun-Sevçenkovski döyüşlərində iştirak edən Seyidməmmədova 500 döyüş uçuşu keçirmiş və bir neçə alman təyyarəsini vurmuşdu. Seyidməmmədova Azərbaycan SSR Ali Sovetinin II, VI, VII və VIII çağırışları deputatı olmuşdur. O, 1946–1951-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komtitəsinin katibi, 1952–1974-cü illərdə Azərbaycan SSR ictimati təminat naziri, 1975-ci ildən etibarən isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsini icra edib. Züleyxa Seyidməmmədova "Lenin", 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Züleyxa Seyidməmmədova 1994-cü ilin 10 noyabrında vəfat etmiş və vəsiyyətinə uyğun olaraq Şüvəlanda dəfn olunmuşdur.

Azərbaycanın ilk qadın Milli Qəhrəmanı:  Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakı şəhərində anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.  Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyulda şəhid olub. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

İlk şəhid qadın jurnalist: Salatın Əsgərova  16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurub. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib. Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.


İlk qadın nazir: Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də Rusiya imperiyasının Zakaspiysk vilayətinin (indiki Türkmənistan) Mərv qəzasında, Bayramalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur.Türk, ingilis və rus dillərini bilirdi. Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlamış, daha sonra 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı 1942-ci ildən etibarən II Dünya müharibəsi illərində cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən Azərbaycan Sənaye İnstitutunun "Neft yataqlarının istismarı kafedrası"nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır. 1959-cu ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirir. 1954–1957-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1957–1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri, 1959–1983-cü illərdə Azərbaycan SSR xarici işlər naziri və paralel olaraq, 1963–1968-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. 1983-cü ildə Tahirə Tahirova təqaüdə çıxmış, 1991-ci il oktyabrın 26-da vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir.

Müstəqil Azərbaycanın ilk qadın Olimpiya çempionu:  Zemfira Meftahətdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Milliyyətcə tatardır. Yasamal rayonunda T. Abbasov adına 225 nömrəli tam orta məktəbdə təhsil alan illərdə Zemfira Meftahətdinova idman gimnastikası ilə məşğul olmuşdur. 1979–1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2000–2005-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil almışdır.  Zemfira Meftahətdinova 1993-cü ildə Çexiyanın Brno şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final mərhələsində 118 bal nəticə göstərən Zemfira Meftahətdinova Avropa Çempionatının qızıl medalına sahib oldu. Karyerası ərzində üçüncü dəfə Avropa Çempionatının qızıl medalına sahib olsa da, onun qazandığı bu qələbə Azərbaycan idmanı tarixində qazanılan birinci ciddi uğurlardan idi. Zemfira Meftahətdinovanın 1994-cü ildə birinci turniri Portuqaliyanın Lissabon şəhərində baş tutan Avropa Çempionatı oldu. Turnirin final mərhələsində 108 bal nəticə göstərən Zemfira Meftahətdinova Avropa Çempionatını beşinci pillədə başa vurdu. Daha sonra isə Zemfira Meftahətdinova 24 iyul-4 avqustda İtaliyanın Fanyano şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin final mərhələsində 110 bal nəticə göstərən Zemfira Meftahətdinova beşinci pillədə qərarlaşdı. Zemfira Meftahətdinova həmin il həm də ISSF World Cup turnirinin V mərhələsində mübarizə apardı. İtaliyanın Fanyano şəhərində baş tutan turnirin final mərhələsində o, dairəvi stend turnirində 11 bal nəticə göstərdi və 30-cu pillədə qərarlaşdı. Zemfira Meftahətdinova 1995-ci ildə Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Karyerasının ən uğurlu mövsümlərindən biri də məhz bu il oldu. Zemfira Meftahətdinova əvvəlcə Finlandiyanın Lahti şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Dairəvi stend turnirində o, 50 bal nəticə göstərdi və çempionatı 34-cü pillədə tamamladı. Stend atıcılığı turnirinin final mərhələsində isə Zemfira Meftahətdinova 116 bal nəticə göstərdi və Avropa Çempionatının bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Zemfira Əli qızı Meftahətdinova "Tərəqqi" medalı ilə təltif edildi. 1995-ci ilin əsas turniri Kiprda baş tutan Dünya Çempionatı oldu. Dairəvi stend turnirində o, 60 bal nəticə göstərdi və çempionatı 46-cı pillədə tamamladı. Stend atıcılığı turnirinin final mərhələsində isə Zemfira Meftahətdinova 118 bal nəticə göstərdi və Dünya Çempionatının qızıl medalına sahib oldu. Bununla da o, Dünya Çempionatının qalibi olmağı bacaran birinci azərbaycanlı qadın idmançı oldu.

Azərbaycanın ilk aktrisası: Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində, ziyalı ailəsində anadan olub.  O, Tiflisdə nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. Azərbaycanın ilk qadın aktrisası olan Göhvər Qazıyevanın Tiflis zadəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi idi. 1910-cu il oktyabrın 9-da verilmiş bu tamaşa böyük müvəffəqiyyətlə keçmişdi. Yenə həmin il oktyabrın 30-da "Səadət" dram dəstəsi Şəmsəddin Saminin "Gaveyi-ahəngər" pyesini tamaşaya qoymuşdu. Tamaşada Gavə rolunda Sultanov, Fərhad rolunda Mir Seyfəddin Kirmanşahlı, Xubçöhr rolunda Gövhər Qazıyeva çıxış edirdilər. Gövhər Qazıyevanın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayıldı. Bakı qəzetləri ona məqalələr həsr etdi. "Nicat" cəmiyyəti onu Bakıya çağırdı. Gövhər Qazıyevanın repertuarı geniş və əhatəli idi. O, Henrix Heynenin "Əlmənsur", Loxmanovanın "Napoleonun vəfatı", Namiq Kamalın "Qara bəla" əsərləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşalarında da oynamışdır. Nəriman Nərimanovun "Nadir şah" pyesində Gülcahan, Əbdürrəhimbəy Haqverdiyevin "Pəri Cadu" tamaşasında Hafizə, Səkinə Axundzadənin "Bəxtsiz cavan" faciəsində Mehri xanım, Zülfüqar Hacıbəyovun "Evliykən subay" əsərində Pərizad rollarını sənətkarlıqla yaratmışdır. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Gülnaz, "Leyli və Məcnun"da Leyli rollarının ifaçısı olan Gövhər Qazıyeva bu obrazları səhnədə özünəməxsus tərzdə canlandıra bilmişdir. Gövhər Qazıyeva 1960-cı ildə Cənubi Azərbaycanda vəfat edib.

Azərbaycanın ilk qadın bəstəkarı: Ağabacı Rzayeva 5 dekabr 1912-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirmiş, bir neçə il Saray, Kürdəxanı və Maştağada müəllimlik etmişdir. Ağabacı Rzayeva not çalğısı üzrə bəstəkar Səid Rüstəmov, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almışdır. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyr Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır. Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılmış "Vətənpərvərlik Marşı" idi.O, həmçinin bir sıra mahnı və romansların, "Mübahisə etmə" musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir. Bundan əlavə, Rzayeva dahi şair Nəsiminin sözlərinə yeddi romans bəstələmişdir. Onun tərəfindən yazılan mahnıların (60-dan çox) əksəriyyəti uşaqlara həsr olunmuşdur ("Kukla", "Qaranquş", "Mənim ağ göyərçinim", "Sabahkı günün ustaları", "Kiçik kapitan", "Mən qərənfiləm" və s.). O, 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə deputat seçilmiş, 1963-cü ildə isə Ali Sovetin deputatı olmuşdur. 5 iyul 1975-ci ildə Bakıda vəfat etmiş bəstəkar 2-ci fəxri xiyabanda dəfn olunmuşdur.


Azərbaycan ilk qadın opera müğənnisi: Şövkət Məmmədova  indiki Gürcüstanın  Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H. Z. Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Şövkət Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa edir. Konsertdən əldə olunan pul Şövkət Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi. 1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil oldu. 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur. Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana getmiş, burada məşhur müğənni D. Ambroziodan dərs almışdır (ikinci dəfə Milanda 1927–1929-cu illərdə olmuşdur). 1917–1921-ci illərdə Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ etmişdir. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923–1925-ci illərdə direktor olmuşdur) açılmış və not nəşriyyatı təsis edilmişdir. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta ("Traviata", C. Verdi) partiyasında çıxış etmiş, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olmuşdur. Azərb. opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir. Azərbaycan SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. 8 iyun 1981-ci ildə Bakıda vəfat edib.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu