Menyu

Bənövşəyi xətt üzrə 6, Yaşıl xətt üzrə isə 4 yeni stansiyanın tikintisi planlaşdırılır

Operativ Media
Bənövşəyi xətt üzrə 6, Yaşıl xətt üzrə isə 4 yeni stansiyanın tikintisi planlaşdırılır

Bakı Metropolitenində yeni stansiyaların inşası ilə bağlı layihələrin icrası davam edir və beynəlxalq maliyyə institutları tərəfindən maliyyə dəstəyi mərhələli şəkildə veriləcək.

Bu barədə Operativ Media-ya açıqlama verən qurum rəsmisi Bəxtiyar Məmmədov bildirib ki, beynəlxalq səviyyəli maliyyə qurumları layihələrə maliyyə ayıracaqlarını elan ediblər.

Onun sözlərinə görə, xüsusilə AIIB tərəfindən Bakı metrosuna 700 milyon ABŞ dolları həcmində vəsait ayrılması nəzərdə tutulur.

Qeyd olunub ki, inşaat işləri çərçivəsində Bənövşəyi xətt üzrə 6, Yaşıl xətt üzrə isə 4 yeni stansiyanın tikintisi planlaşdırılır.

Yaşıl xətt üzrə bu stansiyalar Xətaidən Həzi Aslanov stansiyası istiqamətində olan əraziləri əhatə edəcək.

Bildirilib ki, layihələrin icrası üçün ölkə qanunvericiliyinə uyğun olaraq beynəlxalq tenderlər keçiriləcək. Hazırda texniki şərtlərin hazırlanması prosesi davam edir və ilin sonuna qədər bu mərhələnin tamamlanması, eləcə də tenderlərin elan olunması planlaşdırılır. Tenderlər beynəlxalq xarakter daşıyacaq və qalib şirkət müəyyən edildikdən sonra müqavilə imzalanaraq tikintiyə start veriləcək.

Digər istiqamətlər üzrə də oxşar prosedurlar tətbiq olunacaq. Asiya İnkişaf Bankı tərəfindən ayrılacaq maliyyə çərçivəsində də işlərə başlanılması gözlənilir. Bu layihələr üzrə də ilin sonuna qədər tender proseslərinə start veriləcək və növbəti ildən tikinti işlərinin aktiv mərhələyə keçəcəyi gözlənilir.

Rəsmi açıqlamada vurğulanıb ki, 2030-cu ilə qədər nəzərdə tutulan layihələr çərçivəsində texniki şərtlərin müəyyənləşdirilməsi, uyğun texnikanın cəlb olunması, işçi qüvvəsinin formalaşdırılması kimi bütün zəruri addımlar atılacaq. Ümumilikdə 6 və 4 stansiyadan ibarət iki əsas istiqamət üzrə tikinti işləri həyata keçiriləcək.

Bundan əlavə, Dərnəgül elektrik deposu ərazisində bir yerüstü stansiyanın tikintisi də planlaşdırılır. Həmin stansiyanın inşasının 2028-ci ilə qədər tamamlanması nəzərdə tutulur və bu, deponun tam istifadəyə verilməsi ilə paralel aparılacaq.

Eyni zamanda, hər iki depo üzrə maliyyə məsələlərinin artıq həll olunduğu bildirilib. Yaxın 1-2 ay ərzində tenderlərin elan ediləcəyi, qalib şirkətlərin müəyyən olunmasından sonra isə depo layihələrinin növbəti mərhələlərinin icrasına başlanılacağı qeyd edilib.

Əlaqəli Xəbərlər