Sosial şəbəkələrdə “Bolt”, “Uber” və digər tətbiqlər vasitəsilə hava limanında taksi sifarişinə qadağa qoyulacağı ilə bağlı məlumatlar yayılıb.
Bildirilir ki, yaxın vaxtlardan etibarən şəhərdən Hava Limanına taksi sifariş etmək mümkün olacaq, lakin Hava Limanından şəhər istiqamətində yalnız "London" taksilərinə icazə veriləcək.
Məlumata görə, bu səbəbdən sərnişinlər “Bolt”, “Uber” və digər tətbiqlər vasitəsilə hava limanından ənənəvi taksi sifarişi verə bilməyəcəklər.
Mövzu ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava limanından Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Aeroport ərazisində sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır:
"Qeyd edirik ki, taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur.
İctimaiyyət görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə rəsmi şəkildə məlumatlandırılacaqdır".