Yanan avtomobilə görə sığorta ödənişi hansı halda edilir?

Nərmin Qocamanova
Yanan avtomobilə görə sığorta ödənişi hansı halda edilir?

Son illərdə Azərbaycanda avtomobil sahibləri arasında sığorta mexanizmlərindən istifadə artsa da, kasko sığortasına maraq hələ də zəifdir.

Mütəxəssislərin fikrincə, bazarda bu sığorta növünün nüfuz dərəcəsi (penetrasiyası) aşağı səviyyədə qalır və bu, həm məlumatlılıq çatışmazlığı, həm də əlavə xərclərdən çəkinmə ilə bağlıdır.

Hazırda sürücülərin böyük əksəriyyəti yalnız icbari avtomobil məsuliyyət sığortasından (İAMS) istifadə edir. Bu sığorta növü bütün nəqliyyat vasitələri üçün məcburidir və yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxsə dəymiş zərərin ödənilməsini təmin edir. Lakin kasko sığortası könüllü əsasda həyata keçirilir və sürücülər arasında hələ geniş yayılmayıb.

Bu barədə Operativ Media-ya sığorta eksperti İlkin Nəcəfov məlumat verib.

Ekspert bildirib ki, kasko sığortası avtomobil sahibinin öz nəqliyyat vasitəsinə dəymiş zərərin qarşılanmasını nəzərdə tutur:

“Kasko sığortası olduqda, avtomobil yanğın, təbii fəlakət, qəza, vandalizm və ya oğurluq kimi hallarda zərər görərsə, sığorta şirkəti müqavilədə göstərilən maksimal sığorta məbləği çərçivəsində kompensasiya ödəyir. Əgər avtomobil tam sıradan çıxarsa, sahibinə müqavilədə göstərilən dəyərə uyğun yeni avtomobil və ya pul vəsaiti təqdim olunur.”

İlkin Nəcəfovun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən avtomobillərin cəmi təxminən 10 faizində kasko sığortası mövcuddur:

“Əksər hallarda bu sığorta növü yalnız bank krediti və ya lizinq əsasında alınan avtomobillərdə məcburi şəkildə tətbiq olunur”.

O hesab edir ki, kasko sığortasının yayılması üçün həm ictimai maarifləndirmə gücləndirilməli, həm də sığorta şirkətləri daha çevik və şəffaf tarif siyasəti həyata keçirməlidirlər:

“Sığorta şirkətləri müştərilərin etimadını qazanmaq üçün prosedurları sadələşdirməli, vətəndaşlara sığortanın real faydasını göstərməlidirlər. Eyni zamanda, bu sahədə maarifləndirmə kampaniyaları artırılmalıdır".

 

Ayşən Sadıxzadə

Digər xəbərlər