Zöhrəvi xəstəliklərdən necə qorunmaq olar?

Ayşən Sadıxzadə
Zöhrəvi xəstəliklərdən necə qorunmaq olar?

"Zöhrəvi xəstəliklərdən qorunmaq üçün müəyyən profilaktik tədbirlərin və xidmətlərin tətbiqi vacibdir. Əlbəttə, bu proses ilk növbədə ailədən başlamalıdır. Ailədən sonra isə məktəblərin və ətrafdakı tibbi müəssisələrin rolu önə çıxır".

Bu sözləri Operativ Media-ya açıqlamasında dermatoveneroloq Tünzalə Feyziyeva deyib.

O bildirib ki, xüsusilə ölkəmizdə məktəblərdə dövlət tərəfindən mütəmadi tibbi müayinələr həyata keçirilir:

“Həkimlərimiz bu müayinələrdə iştirak edir, uşaqlarla və şagirdlərlə sağlamlıq mövzularında maarifləndirici söhbətlər aparırlar. Düşünürəm ki, bu, olduqca vacib bir addımdır. Burada həm müəllimlərin, həm də şagirdlərin öz mühitlərinə göstərdiyi təsir böyük əhəmiyyət daşıyır. Lakin bütün hallarda əsas məsuliyyət ailənin üzərinə düşür. Ailə və sosial mühit bu məsələdə ən mühüm amillərdəndir.

İnsanların bu xəstəliklərdən qorunmasında bir çox amillər rol oynayır. Ən vacib məsələlərdən biri təhlükəli və məsuliyyətsiz münasibətlərdən uzaq durmaqdır. Bununla yanaşı, sosial və psixoloji təsirlər də böyük rol oynayır. Hazırda sosial mühitin insanlara təsiri həm psixoloji, həm maddi, həm də mənəvi baxımdan çox güclüdür. Biz hər birimiz yaşadığımız mühitdən təsirlənirik və eyni zamanda bu mühitə təsir göstəririk.

Bu səbəbdən gigiyena qaydalarına əməl olunması, insanların bu istiqamətdə maarifləndirilməsi xüsusi önəm daşıyır. Xüsusilə gənc yaşlardan etibarən risk qrupuna daxil ola biləcək şəxslərin düzgün məlumatlandırılması çox vacibdir. Erkən yaşda verilən təhsil və maarifləndirmə gələcəkdə bu xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır”.

Digər xəbərlər