Uşaqlarda boğulma və qıcolma halları çox vaxt qəfil baş verir və valideynlər üçün ciddi narahatlıq doğurur. Bu kimi vəziyyətlərdə sakit qalmaq, vəziyyəti düzgün qiymətləndirmək və təcili yardım gələnədək düzgün ilkin yardım göstərmək uşağın həyatını xilas edə bilər.
Bunu Operativ Media-ya açıqlamasında pediatr Səbinə Məmmədova deyib.
Boğulma halları
Həkimin sözlərinə görə, boğulma yad cismin tənəffüs yollarına düşməsi nəticəsində yaranır və daha çox 6 ay – 3 yaş arası uşaqlarda müşahidə olunur:
“Bu dövrdə uşaqlar əşyaları ağızlarına salmağa meylli olduqlarına görə risk yüksəkdir. Boğulma zamanı uşaq qəfil nəfəs ala bilmir, öskürməyə başlayır, üzünün rəngi göyərir, səsi kəsilə və ya tamamilə itə bilər”.
- Əgər uşaq öskürə bilirsə və müəyyən qədər nəfəs alırsa, ona rahat vəziyyət vermək və öskürməsini davam etdirməsinə şərait yaratmaq lazımdır. Bu zaman uşağı silkələmək, barmaqla boğazına müdaxilə etmək və əlinə gəlməyən cismani çıxarmağa çalışmaq olmaz. Çünki bu, yad cismin daha dərin hissəyə getməsinə səbəb ola bilər.
- Əgər uşaq nəfəs almır, səsi çıxmır və huşunu itirirsə, dərhal “boğulma manevri” – Heimlich üsulu tətbiq edilməlidir.
-
Körpələrdə: Uşaq başı aşağı vəziyyətdə dizin üstünə qoyulur, kürəyinə ardıcıl 5 yüngül zərbə vurulur. Nəticə əldə olunmazsa, sinənin ortasına iki barmaqla 5 dəfə təzyiq edilir.
-
1 yaşdan yuxarı uşaqlarda: Uşaq arxadan qucaqlanır, bir əl yumruq edilərək göbək və döş sümüyü arasında yerləşdirilir, digər əllə dəstəklənərək 5 dəfə yuxarıya doğru təzyiq göstərilir.
Əgər bu üsullar nəticə vermirsə, tənəffüs yolları açılmırsa, dərhal təcili tibbi yardıma müraciət olunmalıdır. Hər saniyə həyati əhəmiyyət daşıyır.
Qıcolma halları
Səbinə Məmmədova bildirib ki, uşaqlarda qıcolma yüksək hərarət, epilepsiya və ya beyinlə bağlı digər səbəblərdən yarana bilər:
“Qıcolma zamanı əzələlər qəfil yığılır, uşaq huşunu itirir, bədəni gərilir, tənəffüsü çətinləşə bilər. Ən vacib qayda – uşağın təhlükəsizliyini təmin etmək və nəfəs yollarını açıq saxlamaqdır”.
- Qətiyyən uşağın ağzına barmaq, qaşıq və ya başqa əşya salmaq olmaz. Bu, həm dişlənmə, həm də boğulma riski yaradır.
- Uşaq sərt səth üzərindədirsə, ətrafındakı iti və təhlükəli əşyalar kənarlaşdırılmalıdır. Başının altına yumşaq bir geyim qoymaq məqsədəuyğundur.
- Qıcolma zamanı uşağı sıxmaq, bədənini tutmaq və ya silkələmək olmaz. Onun başı yana çevrilməlidir ki, ağız suyu və ya qusuntu tənəffüs yollarına düşməsin.
- Qıcolmalar adətən 1–2 dəqiqə davam edir. Qıcolma bitdikdən sonra uşaq huşsuz qalarsa, yan vəziyyətdə saxlanılmalı və təcili yardım çağırılmalıdır.
"Əgər qıcolma 5 dəqiqədən çox davam edirsə, bu, həyati təhlükəli vəziyyətdir və dərhal tibbi müdaxilə tələb olunur. Yüksək hərarət səbəbindən yaranan qıcolmalarda isə uşağın hərarəti tez bir zamanda salınmalı, paltarları yüngülləşdirilməli, otaq sərinləşdirilməli və həkimə müraciət edilməlidir", - həkim qeyd edib.