WUF13: Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaşlığının növbəti göstəricisi
“Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi heç də təsadüfi və yalnız rəmzi xarakter daşımır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Samir Vəliyev deyib.
O bildirib ki, bu Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, bölgədə aparıcı mövqeyinin və dünya miqyasında etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir:
“Artıq Azərbaycan üçün belə mötəbər tədbirlərə ev sahibliyi etmək yeni hal deyil. Ölkəmiz son illər ərzində beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili istiqamətində böyük təcrübə qazanıb. Xüsusilə COP29 kimi mühüm tədbirin uğurla keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb”.
Onun sözlərinə görə, bu gün Ümumdünya Şəhərsalma Forumunun məhz Azərbaycanda keçirilməsi ölkənin müasir inkişaf yolu və beynəlxalq nüfuzu ilə birbaşa bağlıdır:
“Azərbaycan artıq dünyada yalnız neft ölkəsi kimi tanınmır. Eyni zamanda yenilikçi yanaşmaların tətbiq olunduğu, müasir şəhərsalma prinsiplərinin həyata keçirildiyi, ağıllı yaşayış məntəqələri və ekoloji inkişaf layihələrinin reallaşdırıldığı ölkə kimi diqqət çəkir.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri bunun ən aydın nümunəsidir. Tamamilə yenidən qurulan şəhər və kəndlər, müasir yaşayış prinsiplərinə uyğun layihələr, ağıllı kənd və ağıllı şəhər yanaşmaları forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanır.
Eyni zamanda yaşıl enerji sahəsində həyata keçirilən layihələr, günəş və külək enerjisindən istifadə imkanlarının genişləndirilməsi, ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslər və yeni şəhərsalma yanaşmaları Azərbaycanın dayanıqlı inkişaf siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Belə bir forum isə bu layihələrin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün mühüm imkan yaradır.
Forumun Baku şəhərində keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Minlərlə xarici qonağın iştirakı Bakının təhlükəsiz, müasir infrastruktura malik və böyük beynəlxalq tədbirləri qəbul etməyə tam hazır şəhər olduğunu bir daha nümayiş etdirir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Əminliklə demək olar ki, forum yalnız rəmzi tədbir kimi yadda qalmayacaq. Onun şəhərsalma, rəqəmsal idarəetmə, nəqliyyat, ekologiya, beynəlxalq maliyyə əməkdaşlığı və sərmayə imkanlarının genişlənməsi baxımından mühüm nəticələr verəcəyi gözlənilir. Bu platforma Azərbaycanın münaqişədən sonrakı inkişaf modelinin beynəlxalq səviyyədə təqdim olunması baxımından da xüsusi əhəmiyyət daşıyır”.
