WUF13 çərçivəsində Bakıda Vətəndaş Cəmiyyəti və Yerli Təşəbbüslərin Dəyirmi Masası keçirilib
Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında (WUF13) Vətəndaş Cəmiyyəti və Yerli Təşəbbüs Təşkilatlarının Dəyirmi Masası təşkil olunub.
Operativ Media xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan iştirakçılar vətəndaş cəmiyyəti institutlarının urbanizasiya proseslərində rolu, icmaların qərarvermədə iştirakı, sosial bərabərliyin təmin olunması və təhlükəsiz yaşayış mühitinin yaradılması məsələlərinə toxunublar.
Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva deyib ki, Azərbaycanın bu forumu keçirməsi COP29-dan sonra göstərilən etimadın nəticəsidir.
Nepaldan olan şəhərsalma və icma inkişafı üzrə ekspert Lajana Manandhar ölkəsində və şərqi Asiyada olan şəhərsalma problemlərindən danışıb. Somalinin Nayrobidəki UN-Habitat və UNEP yanındakı Daimi Nümayəndəliyində səfirin baş məsləhətçisi Bushra Ahmed Abdi deyib ki, Somalidə və Afrikinanın bir çox yerlərində quraqlıq, daşqınlar, məcburi köçkünlük və ekoloji təzyiqlər mənzil təhlükəsizliyinə və şəhərsalma sisteminə birbaşa təsir göstərir.
Dəyirmi masada iştirakçılar qeyd ediblər ki, şəhər siyasətinin hazırlanması zamanı yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı daha inklüziv və davamlı inkişaf modelinin formalaşmasına töhfə verir.
Çıxışlarda qeyri-formal yaşayış məntəqələrinin transformasiyası, iqlim dəyişikliklərinin şəhərlərə təsiri, sosial mənzil siyasəti və həssas qrupların şəhər xidmətlərinə çıxışı kimi məsələlərə də toxunulub.
Forum iştirakçıları vətəndaş cəmiyyətinin urbanizasiya proseslərində tərəfdaş kimi rolunun gücləndirilməsinin vacibliyini vurğulayaraq, dövlət qurumları ilə ictimai institutlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.