Psixoloq: İnsanlar arasında yaddaş zəifliyi və unutqanlıq halları artır

Nərmin Qocamanlı
Psixoloq: İnsanlar arasında yaddaş zəifliyi və unutqanlıq halları artır

"Son zamanlarda yaddaş zəifliyi, unutqanlıq və amneziya halları insanlar arasında daha çox müşahidə olunur. Bu hallar bəzən informasiyaya həddindən artıq məruz qalma (informativ stress), bəzən isə travmalar və ya emosional gərginlik nəticəsində meydana çıxır. Yaddaş pozuntularının bir hissəsi insanın yaşına bağlı olaraq da təbii şəkildə baş verə bilər".

Bu fikirləri Operativ Media-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. 

O bildirib ki, unutqanlıq insanların gündəlik fəaliyyətinə, iş qabiliyyətinə və psixoloji durumuna mənfi təsir göstərdiyindən, bu problem çox zaman psixoloji narahatlıqların yaranmasına gətirib çıxarır:

“İnsanlarda “ağlı itirmək qorxusu” və ya “yaddaşımı tamamilə itirirəm” kimi düşüncələr formalaşdıqda, bu hal psixoloji gərginlik və emosional sabitsizlik yaradır.

Amneziya diaqnozu yalnız nevroloji və psixoloji testlər nəticəsində qoyulur. Yaddaş pozuntusu olan şəxslərdə simptomlar tədricən özünü göstərir. Məsələn, insan bir neçə ay öncə yaşadığı hadisəni və ya dediyi sözü xatırlamaya bilər. Bu kimi hallar ilkin mərhələdə normal, müvəqqəti yaddaş zəifliyi kimi qiymətləndirilə bilər, lakin davamlı hal aldıqda nevroloji müayinəyə ehtiyac yaranır.

Bu cür pozuntular bəzən vitamin çatışmazlığı (xüsusilə B qrupu vitaminləri), hormon disbalansı və stress faktorları ilə əlaqədar da meydana çıxa bilər.

Yaddaş pozuntularının ən çox rast gəlinən formalarından biri alzheimer xəstəliyidir. Bu xəstəlik daha çox yaşlı insanlar arasında müşahidə olunur. Araşdırmalar göstərir ki, bu kateqoriyadakı xəstələrlə daha çox müəllimlər və intellektual fəaliyyətlə məşğul olan şəxslər arasında rast gəlinir. Bunun səbəbi uzunmüddətli zehni fəaliyyət və informasiyaya çox məruz qalmaqla əlaqələndirilir.

Alzheimer xəstələrinin gündəlik həyatını idarə etmək çətin olduğundan, ailə üzvləri və yaxınları bu insanlara qarşı daha çox diqqətli və anlayışlı olmalıdırlar. Yaddaş problemi olan şəxslərə davamlı diqqət göstərilməsi, onların emosional sabitliyini qorumağa və xəstəliyin irəliləməsini ləngitməyə kömək edir.

İnsan yaddaşı iki əsas formaya bölünür:

Qısamüddətli yaddaş – bir anda 6–9 informasiya vahidini qəbul edib saxlayır.

Uzunmüddətli yaddaş – informasiyanın kodlaşdırılması və sabitləşdirilməsi prosesini təmin edir.

Lakin informasiyanın həddindən artıq çoxluğu beynin yüklənməsinə səbəb olur və bu da informasiya emalı mexanizminin zəifləməsinə, nəticə etibarilə isə amneziya hallarının yaranmasına gətirib çıxara bilər.

Unutqanlıq və yaddaş pozuntuları həm fizioloji, həm də psixoloji səbəblərlə bağlı ola bilər. Erkən mərhələdə diqqət yetirildikdə və psixoloji dəstək, korreksiya və müalicə tədbirləri aparıldıqda bu halların qarşısını almaq mümkündür. Lakin yaş artdıqca və simptomlar dərinləşdikcə, proses Alzheimer xəstəliyi kimi ciddi nevroloji pozuntulara çevrilə bilər”.

Ayşən Sadıxzadə

Digər xəbərlər