Diqqəti artırmaq və beyni dincəltmək üçün nə etmək lazımdır?

"Zehni yorğunluq hər yaş dövründə fərqli şəkildə özünü göstərir".
Operativ Media xəbər verir ki, psixologiya üzrə fəlsəfə doktoru, psixoterapevt Fatimə Bayramovanın sözlərinə görə, bu halın yaranmasına həm fizioloji, həm psixoloji, həm də gündəlik vərdişlər təsir edir.
"Uşaqlarda 7 yaşadək idraki proseslər tam formalaşmadığı üçün onlara həddindən artıq zehni yüklənmə tövsiyə olunmur. Bu yaş dövründə uşaqların diqqəti qeyri-ixtiyaridir və uzun müddət eyni obyekt üzərində diqqəti saxlamaq onların idrak proseslərinə mənfi təsir göstərə bilər. Buna görə həm dərs vaxtı, həm də kompüter oyunlarına sərf edilən zaman düzgün nizamlanmalıdır".
Fatimə Bayramovanın sözlərinə görə, yeniyetmələrdə zehni yorğunluq daha çox dərs yükünün çoxluğu və stresslə bağlı olur:
"Yetkin insanlarda isə bu səbəblər daha genişdir. Uzunmüddətli kompüter və telefon istifadəsi, psixoloji gərginlik, stress və fizioloji yorğunluq diqqət və yaddaşa mənfi təsir göstərə bilər.
Beynin fasiləsiz işləməsinin idrak proseslərinə təsiri insanın məşğul olduğu fəaliyyətin xarakterindən asılıdır. Əgər bu fəaliyyət maraqlı və motivasiyaedicidirsə, beyin yorulmur. Lakin proses insanda stress yaradırsa, bir müddət sonra tükənmişlik və depressiya halları müşahidə oluna bilər.
Stress və zehni yüklənmə diqqətin zəifləməsinə, hafizənin və düşünmə qabiliyyətinin azalmasına səbəb ola bilər. Hətta çox yorulduqda insanın nitqi belə qarışıq olur. Bununla yanaşı, diqqət çatışmazlığı ayrı bir pozuntudur və sonradan yaranmır, sadəcə yorğunluq zamanı diqqətin səviyyəsi müvəqqəti azalır".
Fatimə Bayramova diqqəti artırmaq və beyin fəaliyyətini bərpa etmək üçün meditasiya və nəfəs məşqlərinin faydalı ola biləcəyini deyir.
Onun sözlərinə görə, bu metodlar idrak proseslərini birbaşa inkişaf etdirməsə də, insanın gərginliyini azaldır və rahat düşünməyə kömək edir.
Psixoterapevt həmçinin yuxu rejiminin əhəmiyyətinə də toxunub. O bildirib ki, yuxu insan üçün hava və su qədər vacibdir:
"İnsan bir neçə gün yuxusuz qaldıqda qavrayışı zəifləyir, diqqəti yayınır və ətrafı düzgün dərk edə bilmir.
Telefon və sosial medianın həddindən artıq istifadəsi də diqqət dağınıqlığının əsas səbəblərindəndir. Uzun müddət eyni obyektə baxmaq beyində sıxılma hissi yaradır, bu isə həm zehni, həm də fiziki yorğunluğa gətirib çıxarır".
Qəhvə və enerji içkiləri haqqında danışan mütəxəssis qeyd edib ki, bu içkilər qısa müddətli enerji versə də, uzunmüddətli təsiri mənfidir:
"Qəhvənin çox istifadəsi melatonin hormonunun azalmasına və yuxusuzluğa səbəb ola bilər".
Psixoterapevt həmçinin qidalanmanın zehni sağlamlığa təsirini də vurğulayır. Onun sözlərinə görə, bağırsaqlar “ikinci beyin” rolunu oynayır və insanın əhvalı, enerjisi çox vaxt yediyi qidalardan asılı olur. Zərərli və balanssız qidalanma həm fiziki, həm də psixoloji vəziyyətə mənfi təsir göstərir:
"Düzgün qidalanma diqqət və yaddaşı yaxşılaşdıra bilər, lakin bu, yalnız köməkçi amildir. Əgər problem vitamin və mineral çatışmazlığı ilə bağlıdırsa, qida rasionunun dəyişməsi nəticə verə bilər. Amma əgər səbəb psixoloji xarakterlidirsə, o zaman psixoterapiya zəruridir".
