Hamiləlik və doğuş zamanı ölüm halları - Ginekoloq səbəblərdən danışdı

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə hamiləlik, doğuş və zahılıq dövründə 29 qadın həyatını itirib. Onlardan 6 nəfəri şəhər yerlərində, 23 nəfəri isə kənd yaşayış məntəqələrində qeydə alınıb.
Eyni zamanda, perinatal dövrdə - yəni doğuşdan əvvəl və sonra baş verən ağır fəsadlar nəticəsində 735 körpə ölümü baş verib. Bu halların 368-i şəhər, 367-si isə kənd yerləri üzrə qeyd olunub.
Bəs ana və körpə ölümlərinin səbəbləri nələrdir? Hamilə qadınlar nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı cərrah, mama-ginekoloq Ləman Əliyeva Operativ Media-ya danışıb.
O bildirib ki, ana üçün əsas risklər uşaqlıq yırtılması, postpartum hemorragiyalar və infeksiya-sepsis hallarından ibarətdir. Uşaqlıq yırtılması xüsusilə əvvəlki qeysəriyyədən sonra vaginal doğuş cəhdində qərarın gec verilməsi nəticəsində baş verə bilər və daxili qanaxma ilə şok vəziyyətinə səbəb ola bilər. Doğuşdan sonrakı güclü qanaxmalar gecikmiş tibbi müdaxilə zamanı massiv qan itkisinə, DİK-sindromuna və çoxorqan çatışmazlığına gətirib çıxarır. Uzunmüddətli doğuş prosesində və cərrahi qərarın gec verilməsi halında, xüsusilə döl qişalarının vaxtından əvvəl açılması fonunda infeksiya və sepsis riski artır.
Döl üçün isə kəskin hipoksiya və asfiksiya əsas təhlükədir. Dölün ürək döyüntüsündə pozulma baş verdikdə qeysəriyyə qərarının cəmi 10–20 dəqiqə gecikməsi belə beyin oksigen çatışmazlığına və nevroloji zədələnməyə səbəb ola bilər. Bundan əlavə, mekonium aspirasiya sindromu, beyin zədəsi və neonatal sepsis kimi ağır fəsadlar da mümkündür.
Cərrah həmçinin effektiv prenatal nəzarətin vacibliyini vurğulayıb. Ana üçün xroniki xəstəliklərin erkən aşkarlanması – anemiya, hipertoniya və diabetin vaxtında müəyyən edilməsi – ölüm riskini ciddi şəkildə azaldır. Preeklampsiya və eklampsiyanın qarşısının alınması məqsədilə qan təzyiqi və sidikdə zülalın davamlı monitorinqi aparılmalıdır. Hemoqlobinin izlənməsi və dəmir preparatlarının qəbulu doğuş zamanı mümkün qan itkisinin qarşısında bədəni hazırlıqlı edir. TORCH və sidik yolları infeksiyalarının vaxtında aşkar olunması isə sepsis və spontan abort riskini azaldır.
Döl üçün prenatal nəzarət intrauterin hipoksiyanın və inkişaf geriliyinin erkən aşkarlanmasında mühüm rol oynayır. Vaxtından əvvəl doğuşun qarşısı uşaqlıq boynunun uzunluğuna nəzarət və progesteron dəstəyi ilə mümkündür. Anadangəlmə qüsurların aşkarlanması üçün erkən genetik skrininqlər aparılır. HIV, hepatit B və sifilis üzrə skrininqlər isə yoluxucu xəstəliklərin ana–uşaq ötürülmə riskini azaldır.
Kritik prenatal testlər və monitorinq mərhələləri hamiləliyin trimestrlərinə uyğun olaraq aparılmalıdır. Birinci trimestrdə qan qrupu və Rh faktoru, tam qan və sidik analizləri, TORCH paneli, HIV və hepatit testləri, qalxanabənzər vəz hormonları, ikili skrininq və erkən ultrasəs müayinəsi aparılır. İkinci trimestrdə üçlü və ya dördlü skrininq, anatomiya ultrasəsi, qan təzyiqi və bədənin ümumi vəziyyəti izlənir, habelə sidikdə zülal və hemoqlobin təkrar yoxlanılır. Üçüncü trimestrdə glükoza tolerantlıq testi, NST, Doppler ultrasəsi, Group B Streptococcus skrininqi və gündəlik təzyiq, sidik və döl hərəkətləri nəzarəti həyata keçirilir.
Hamilələrin erkən qeydiyyatı xüsusi önəm daşıyır. Qadınlar hamiləliyin 12-ci həftəsinə qədər qeydiyyata düşməlidir. Kəndlər üzrə hamiləlik reyestri yaradılmalı, feldşer tərəfindən daim yenilənməlidir. Mobil tibb briqadaları ayda bir dəfə səyyar qeydiyyat aparmalıdır. Birinci trimestrdə ən azı bir ev ziyarəti edilməli, risk sorğusu və ilkin müayinələrə yönləndirmə aparılmalıdır. Risk qruplarına – 20 yaşdan aşağı, 35 yaşdan yuxarı, çoxuşaqlı və xroniki xəstə qadınlara – prioritet nəzarət tətbiq olunmalıdır.
Mobil və rəqəmsal həllər də vacibdir. “Ağıllı hamiləlik nəzarət kartı” vasitəsilə qadınlara analiz və müayinələrin vaxtı barədə bildiriş göndərilə bilər. Tele-tibbi müşahidə imkanları rayon mərkəzindəki həkimə kənd feldşerindən gələn məlumat əsasında qərar verməyə imkan yaradır. Mobil laboratoriyalar isə ucqar ərazilər üçün praktiki həlldir.
Yerli səhiyyə işçilərinin səlahiyyətlərinin artırılması üçün feldşer və mamaçalar riskli hamiləliklərin ilkin aşkarlanması üzrə təlim almalıdırlar. Təzyiqin 140/90-dan yüksək olması, sidikdə zülalın aşkarlanması və döl hərəkətlərinin azalması kimi hallarda aydın protokollarla təcili yönləndirmə aparılmalıdır. Aktiv monitorinq əməkhaqqı və bonus sistemi ilə təşviq edilə bilər.
Riskli hamilələrin mərhələli yönləndirilməsi üçsəviyyəli sistem üzrə həyata keçirilməlidir: kənd səviyyəsində ilkin aşkarlama və təqib, rayon səviyyəsində laborator və ultrasəs nəzarəti, regional perinatal mərkəzlərdə riskli halların idarəsi. Gecikmələrin qarşısını almaq üçün təcili yönləndirmə xətti yaradılmalıdır.
Maarifləndirmə də mühüm əhəmiyyət kəsb edir. Kəndlərdə “hamilə məktəbləri” təşkil edilərək qadınlara düzgün qidalanma, təhlükə əlamətləri və doğuşa hazırlıq barədə sadə dildə məlumat verilməlidir. Dini və ictimai liderlərin bu prosesə cəlb olunması, habelə ailə üzvlərinin, xüsusilə həyat yoldaşların maarifləndirilməsi vacibdir, çünki bəzi hallarda həkimə müraciət qərarını məhz onlar verir.
