Həkim: Arterial təzyiqi düzgün ölçməmək sağlamlıq üçün ciddi risk yaradır

Arterial təzyiq orqanizmdə qan dövranının normal getməsi üçün həyati göstəricilərdən biridir. Lakin bir çox hallarda insanlar ev şəraitində təzyiqi düzgün ölçmədiklərindən, nəticələrdə ciddi fərqlər yaranır. Mütəxəssislərin fikrincə, təzyiqin qeyri-düzgün ölçülməsi yanlış diaqnozlara və səhv dərman qəbuluna səbəb ola bilər.
Bu sözləri Operativ Media-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.
O bildirib ki, arterial təzyiq ölçülməzdən əvvəl insan ən azı 10–15 dəqiqə sakit vəziyyətdə olmalıdır:
“Çünki fiziki aktivlikdən, pillə qalxmaqdan, stressdən və ya hərəkətdən dərhal sonra ölçülən təzyiq real göstəricini əks etdirmir.
Təzyiq oturaq vəziyyətdə, ayaqlar yerə tam basılmış halda ölçülməlidir. Əl masa səviyyəsində olmalı, dirsək bükülməməli və ya tam açılmamalıdır. Ölçmə zamanı danışmaq, siqaret çəkmək, narahatlıq və gərginlik kimi hallar nəticəni dəyişdirə bilər.
Bu sadə qaydalara əməl edilməməsi nəticəsində bir çox pasiyentlərdə təzyiq normadan yüksək göstərilə bilər, halbuki real vəziyyət fərqli olur”.
Həkimin sözlərinə görə, təzyiqin qalxmasına səbəb olan əsas amillərdən biri zərərli həyat tərzidir:
“Siqaret çəkmək, alkoqoldan tez-tez istifadə, gündə iki fincandan artıq qəhvə qəbul etmək və az hərəkətli həyat tərzi damarların daralmasına, bununla da təzyiqin müvəqqəti və ya daimi artmasına gətirib çıxarır.
Qidalanma da mühüm rol oynayır: yağlı, duzlu və ağır həzm olunan yeməklərin çoxluğu orqanizmdə maye balansını pozur, damar divarlarında gərginliyi artırır. Buna görə də hipertoniya riski olan şəxslərə duz qəbulunu azaltmaq, yüngül və balanslı qidalanmaq tövsiyə olunur.
Arterial hipertoniya (yüksək təzyiq) diaqnozu olan bir çox insan özbaşına dərman qəbuluna yol verir. Bəzən pasiyent qonşu və ya tanışının istifadə etdiyi dərmanı eyni effekt verəcəyini düşünərək qəbul edir. Halbuki, hər bir pasiyentin orqanizmi fərqlidir və yanaşı xəstəliklər nəzərə alınmadan dərman seçilməsi təhlükəlidir.
Yanlış dərman təzyiqi həddindən artıq salaraq başgicəllənmə, zəiflik və ya insult riski yarada bilər.
Buna görə də hipertoniya diaqnozu qoyulmuş şəxslər yalnız terapevt və ya kardioloqun nəzarəti ilə dərman qəbul etməlidirlər. Dərmanların dozası və növü fərdi şəkildə seçilməlidir.
Stress orqanizmdə kortizol və adrenalin kimi hormonların səviyyəsini artırır. Bu hormonlar damarların daralmasına səbəb olur, nəticədə təzyiq kəskin şəkildə yüksəlir.
Buna görə də hipertoniya xəstələrinə emosional sabitlik və psixoloji rahatlıq tövsiyə olunur. Dərin nəfəs məşqləri, açıq havada gəzintilər və fiziki aktivlik stressin təsirini azaldır.
Əgər təzyiq 180/100 mm civə sütunundan yuxarı qalxırsa və bununla yanaşı başgicəllənmə, nitq pozğunluğu, əllərdə və ayaqlarda keyimə kimi əlamətlər yaranırsa, bu, hipertenziv kriz və ya insult riski daşıyır. Belə hallarda təcili yardım çağırmaq vacibdir.
Arterial təzyiqin düzgün ölçülməsi, sağlam qidalanma, zərərli vərdişlərdən uzaq durmaq və həkim nəzarətində dərman istifadəsi — hipertoniya ilə mübarizənin əsas şərtləridir.
Unutmaq olmaz ki, insanı öldürən xəstəliyin özü deyil, ona qarşı səhlənkarlıqdır”.
