Menyu

Azərbaycanda səhiyyə islahatları: Rəqəmsallaşma və əlçatan xidmətlər

Ayşən Sadıxzadə
Azərbaycanda səhiyyə islahatları: Rəqəmsallaşma və əlçatan xidmətlər

Azərbaycanda səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Rəqəmsallaşma, xəstəxana idarəetmə sistemlərinin təkmilləşdirilməsi və ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi bu islahatların əsas istiqamətlərindəndir.

TƏBİB-dən Operativ Media-ya bildirilib ki, vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də tibbi xidmətlərlə bağlı elektronlaşdırma işləri sürətli şəkildə davam etdirilir:

“TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində Təkmil Xəstəxana İdarəetmə Sistemi (XİS) tətbiq edilib və mütəmadi olaraq təkmilləşdirilməkdədir.

XİS-in tətbiqi nəticəsində tibb müəssisələrində xidmətlərin vahid elektron mühitdə idarə olunması, xəstələrin qeydiyyatı, ambulator və stasionar xidmətlərin uçotu və proseslərinin avtomatlaşdırılması təmin olunub.

TƏBİB-in fəaliyyət sahəsi ilə əlaqəli digər iş istiqamətlərinin də rəqəmsallaşdırılması icra olunub və hazırda davam etdirilir. Buraya mobil tətbiq üzərindən vətəndaşların xidmətlərə çıxış imkanlarının genişləndirilməsi daxildir.

Tibb müəssisələrində xəstələrin qəbulunun daha səmərəli təşkili məqsədilə növbə idarəetmə sistemi və onlayn növbə xidməti istifadəyə verilib.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektron növbə sistemi mərhələli şəkildə tətbiq olunur və bu, səhiyyə xidmətlərinin keyfiyyətli, şəffaf və effektiv təşkilinə xidmət edir.

Sistemin əsas məqsədi pasiyentlərin qəbul prosesini optimallaşdırmaq, canlı növbələri minimuma endirmək və vətəndaş məmnuniyyətini artırmaqdır.

Elektron növbə sisteminin tətbiqi nəticəsində pasiyentlər onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə bilirlər. Tibb personalı qəbul planlamasını daha düzgün həyata keçirir, zamanın idarəolunması tənzimlənir. Sıra məlumatı terminal ekranlarında əks olunur.

Hazırda bu sistem paytaxt və regionlardakı bəzi böyük tibb müəssisələrində aktiv istifadə olunur və gələcəkdə digər müəssisələrə də tətbiqi nəzərdə tutulur.

Hazırda paytaxt və regionlarsa yerləşən 40 tibb müəssisəsində növbə terminalı və monitorlar quraşdırılıb. İlin sonuna qədər poliklinikalarda da elektron növbə sisteminin tətbiqinə başlanılması gözlənilir.

Bundan əlavə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada onlayn növbə və randevu sistemi fəaliyyətdədir. Bununla da vətəndaşlar həkim qəbulu üçün onlayn qaydada növbə götürərək sözügedən tibb müəssisəsinə yaxınlaşa bilər. Gələcəkdə də bu proses davam etdiriləcək və mərhələli şəkildə digər tibb müəssisələrində də onlayn növbə sistemi tətbiq ediləcək”.

Həmçinin qeyd olunub ki, ilkin səhiyyə xidməti səhiyyə sisteminin əsasını təşkil etməklə, universal tibbi təminata nail olmağa, yoluxucu və qeyri-infeksion xəstəliklərlə effektiv mübarizə aparmağa, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına imkan yaradır:

“Bu sistemin effektiv fəaliyyəti cəmiyyətin sağlamlıq göstəricilərini yaxşılaşdırır, xəstəliklərin qarşısını alınmasında əsas rol oynayır.

Ölkədə icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyə xidmətlərinə əlçatanlığın artırılması istiqamətində mühüm addım olub. İslahatların növbəti dalğası İlkin səhiyyə xidməti üzrə təkmilləşdirmə işlərinin aparılmasıdır. Bu istiqamətdə İlkin tibbi-sanitariya yardımının mövcud idarəetmə strukturu, maliyyələşməsi, kadr potensialı və maddi-texniki bazası üzrə təhlillər aparılıb. Aparılmış təhlillər əsasında İlkin tibbi-sanitariya yardımının təkmilləşdirməsinə dair Konsepsiya sənədi hazırlanıb.

Sözügedən sənəddə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar 7 strateji istiqamət və 36 tədbir nəzərdə tutulub. Konsepsiyada nəzərdə tutulan fəaliyyətlərin icrası məqsədilə hazırda Bərdə rayonunda pilot layihə həyata keçirilir.

Pilot layihədə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin infrastrukturunun yenilənməsi, onların fəaliyyətinin elektronlaşdırılması, tibb mütəxəssislərinin əməkhaqlarına həvəsləndirici əlavələrin tətbiqi nəzərdə tutulur. Pilot layihə yekunlaşdıqdan sonra nəticələri nəzərə alınmaqla ölkənin bütün regionlarında mərhələli şəkildə keyfiyyətli və əlçatan İlkin səhiyyə xidməti təşkil olunacaq”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli qeyd edib ki, ilkin tibbi xidmət səhiyyənin ən vacib istiqamətlərindən biri hesab olunur:

“Profilaktik tibbi xidmətin inkişafı stasionar tibb müəssisələrinə düşən yükün azaldılması, tibbi xərclərin minimuma endirilməsi və vətəndaşların yaşadıqları əraziyə ən yaxın nöqtədə tibbi yardım alması baxımından mühüm əhəmiyyət daşıyır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılmasından sonra birinci səviyyə tibbi xidmətin modernləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb.

Son 6–7 ay ərzində bu sahədə pilot layihə həyata keçirilir. Layihə çərçivəsində TƏBİB, Səhiyyə Nazirliyi və Agentliyin nümayəndələrinin iştirakı ilə monitorinqlər aparılıb, mövcud vəziyyətlə bağlı müşahidələr təqdim olunub. Artıq şəhər poliklinikalarının yenilənməsi, regionlarda modul tipli tibb məntəqələrinin yaradılması, tibb işçilərinin sayının və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ilkin tədbirlər görülüb.

Gələcək mərhələlərdə bu prosesin digər bölgələrdə də tətbiq olunması nəzərdə tutulur. Pilot layihənin uğurla nəticələnəcəyi və ölkə üzrə ilkin tibbi xidmət sisteminin daha müasir, səmərəli modelə keçəcəyi gözlənilir”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı isə bildirib ki, Azərbaycan 2020-ci ildən etibarən səhiyyə sistemində köklü islahatların həyata keçirilməsinə başlayıb:

“Bu islahatların ən mühüm istiqamətlərindən biri icbari tibbi sığortanın tətbiqi oldu. Sözügedən sistemin formalaşdırılması səhiyyə xidmətlərinin keyfiyyətini artırmaqla yanaşı, onların əhali üçün əlçatanlığını da təmin etdi.

İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkənin demək olar ki, bütün bölgələrində və ən ucqar yaşayış məntəqələrində belə tibbi xidmətlərdən yararlanmaq mümkündür. Əhali arasında səhiyyə xidmətlərinə etimadın artması, bu islahatların sağlam sosial təməl üzərində qurulduğunu göstərir.

Hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi yeni səhiyyə paketi çərçivəsində tibbi xidmətlərin daha da genişləndirilməsi nəzərdə tutulur. Gələcək illərdə əhatə dairəsinin artırılması ilə səhiyyə xidmətlərinin həm keyfiyyət, həm də coğrafi baxımdan bərabər şəkildə paylanması təmin ediləcək.

Qeyd edilməlidir ki, bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-də tibbi sığorta əsasən imkanlı təbəqələr üçün əlçatandır. Azərbaycanda isə sosial yönümlü dövlət siyasəti nəticəsində bu xidmətlər bütün vətəndaşlar üçün təmin olunur. Həssas sosial qruplar dövlətin birbaşa himayəsindədir.

Bu islahatlar eyni zamanda ölkədə sosial həmrəyliyin və qarşılıqlı dəstək mədəniyyətinin təzahürüdür. İcbari tibbi sığorta fonduna toplanan vəsaitlər həm səhiyyə sisteminin dayanıqlılığını gücləndirir, həm də tibbi xidmətlərdən yararlanmaq imkanlarını genişləndirir.

Beləliklə, icbari tibbi sığorta yalnız tibbi xidmətlərin maliyyə mexanizmini dəyişməyib, həm də sosial rifahın artırılması, bərabər imkanların yaradılması və dövlətin vətəndaşa xidmət fəlsəfəsinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olub”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva bildirib ki, ilkin səhiyyə xidməti (İSX) əhaliyə tibbi və ictimai sağlamlıq xidmətləri üçün ilk giriş nöqtəsi hesab olunur:

"Bu xidmət universal tibbi təminata, yəni əhalinin maliyyə yükü olmadan keyfiyyətli maarifləndirici, profilaktik, müalicə, reabilitasiya və palliativ xidmətlərə əlçatanlığına nail olmaq üçün ən səmərəli yoldur. İSX-nin əsas məqsədi xəstələnmə halları deyil, ümumi insan sağlamlığını təmin etməkdir. O, insanların təkcə xəstəliklərlə bağlı deyil, həm də ümumi sağlamlıq vəziyyəti, sosial mühit və həyat tərzi dəyişiklikləri ilə əlaqədar müraciət edə biləcəyi bir sistemdir. Ailə həkimləri zəruri hallarda pasiyentlərə əlavə diaqnostik və laborator müayinələr, digər ixtisaslı tibb mütəxəssislərinin müayinəsi, habelə xəstəxana qəbulları üçün göndəriş verir və səhiyyə sistemində pasiyentin hərəkətinə peşəkar bələdçilik edir. 2030-cu ilədək əhaliyə əlçatan, əhatəli, davamlı və koordinasiyalı ilkin tibbi-sanitariya yardımının təmin edilməsi hədəflənir.

Beynəlxalq təcrübə göstərir ki, güclü ilkin səhiyyə (İSX) sistemləri universal tibbi təminata nail olmağın ən qısa yoludur. Bir çox ölkə məhdud maliyyə resursları, artan xəstəlik yükü və kadr çatışmazlığı kimi oxşar çətinliklərlə üzləşir. Buna görə də İSX-nin inkişafı ardıcıl siyasi dəstək, uzunmüddətli strateji planlaşdırma və effektiv idarəetmə sistemi tələb edir. Uğurlu islahatlar üçün tibb mütəxəssisləri, vətəndaş cəmiyyəti və digər tərəfdaşların fəal iştirakı vacib sayılır. Avropa ölkələrində ailə həkimləri tərəfindən evdə tibbi xidmətin və telefon/elektron poçt vasitəsilə konsultasiyaların geniş tətbiqi tibbi xidmətlərə əlçatanlığı artırır. Bir çox ölkələrdə əhalinin İSX müəssisələrində qeydiyyatı qanunla tələb olunur, lakin bəzi ölkələrdə sərbəst müraciətə də icazə verilir.

Eyni zamanda, ilkin səhiyyədə geniş və keyfiyyətli xidmətlərin təmin edilməsi, pasiyentlərin əksər sağlamlıq problemlərini yerində həll etməyə imkan yaradır. Ailə həkimlərinə investisiya qoyulması, onların peşəkar inkişafı, maliyyə və sosial təminatının gücləndirilməsi isə səhiyyə sisteminin dayanıqlığını və cəlbediciliyini artırır.

Ailə həkimi cinsindən və yaşından asılı olmayaraq təhkim olunmuş şəxslərə ilkin tibbi-sanitariya yardımı göstərən həkimdir. O, bizim orqanizmimizi yaxşı tanıyan, bütün ailəmizi etibar edəcəyimiz şəxsdir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, tibb müəssisəsində bir ailə həkiminə düşən sığortaolunanların say həddi kənd əhalisi üzrə 2000 nəfərdən, şəhər əhalisi üzrə isə hər sahə həkimi-terapevtə (18 yaşdan yuxarı) 1800 nəfərdən və hər sahə həkimi-pediatra (18 yaşdan aşağı) 800 nəfərdən çox olmamalıdır.
 
Azərbaycanda ilkin səhiyyə xidməti sistemində bir sıra problemlər mövcuddur:

Kadr çatışmazlığı və hazırlığı: Ailə həkimlərinin sayı normativ tələblərdən aşağıdır və regionlar üzrə qeyri-bərabər paylanıb. Kadr hazırlığının səviyyəsi sahədəki ehtiyacları ödəmir. Təxminən 1500 əlavə ailə həkimə ehtiyac var.

İnfrastruktur problemləri: İSX müəssisələrinin 40%-dən çoxu istifadəyə yararsız vəziyyətdədir, binaların əsaslı təmirə və ya yenisinə ehtiyacı var.
 
Ölkəmizdə səhiyyə sahəsində islahatların yeni dalğası – İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi həyata keçirilir. Bununla bağlı Milli Məclisə üzv seçildiyim Bakının Xətai rayonunda bir neçə poliklinikada mövcud vəziyyətlə yerində tanış olmuşam.
Güclü ilkin tibbi-sanitariya yardımının qurulması profilaktikaya və sağlamlaşdırıcı tədbirlərə yönəlik səhiyyə sisteminin yaradılmasına, əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanmasına, ən yaxın ərazidə həll olunmasına, səhiyyə resurslarının daha səmərəli istifadəsinə, tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə və əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına əhəmiyyətli töhfə verə bilər.
 
Cari ilin əvvəlində Milli Məclisdə Səhiyyə Komitəsinin təşkilatçılığı ilə ictimai dinləmə keçirilmiş, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə hazırladığı Konsepsiya sənədi təqdim edilmişdi. Bu Konsepsiya üzrə pilot layihə hazırda Bərdə rayonunda uğurla davam edir. İlin sonunadək Bərdə rayonunda 32 yeni kənd həkim məntəqəsi istifadəyə veriləcək, bununla da, yeni konsepsiya üzrə əhaliyə ilkin tibbi-sanitariya yardımı göstəriləcəkdir.
 
İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ölkəmizə bir sıra əhəmiyyətli faydalar gətirəcəkdir. Belə ki, tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığın artacaq. Daimi ailə həkimi xidmətindən istifadə edən pasiyentlərin tibbi xidmətlərə əlçatanlığı və məmnuniyyət səviyyəsi artacaq. Səhiyyə sisteminin səmərəliliyinin yüksələcək, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşacaq, orta ömür uzunluğu artacaqdır.   Bu, həm də iqtisadi məhsuldarlığın, əhalinin əmək məhsuldarlığının artmasına müsbət təsir edəcək.
 
Qeyd edim ki, ilkin səhiyyə xidməti sisteminin təkmilləşdirilməsi üçün dövlət tərəfindən bir neçə strateji hədəf müəyyən edilib. Siyasətin və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, idarəetmə potensialının gücləndirilməsi, kadr təminatının yaxşılaşdırılması, tibbi və ictimai sağlamlıq xidmətlərinin əhatə dairəsinin artırılması, maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, rəqəmsal səhiyyə həllərinin tətbiqi və s.”

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə ictimai və dövlət maraqlarının müdafiəsi istiqaməti üzrə hazırlanıb.

Əlaqəli Xəbərlər