Qarabağda mədəni irsin dirçəlişi: Bərpa işləri genişmiqyaslı şəkildə davam edir

Qarabağda mədəni irs abidələrinin bərpası prosesi hazırda genişmiqyaslı şəkildə davam edir və regionun tam bərpası strategiyasının əsas istiqamətlərindən birini təşkil edir.
İşğaldan azad olunmuş ərazilərdə dağıdılmış tarixi-memarlıq abidələrinin inventarlaşdırılması, tədqiqi və restavrasiyası mərhələli şəkildə həyata keçirilir. Paralel olaraq şəhərsalma və infrastruktur layihələri icra olunur, sosial obyektlər tikilir və əhalinin mərhələli şəkildə geri qayıdışı üçün zəruri şərait yaradılır. Bu fəaliyyətlər həm mədəni irsin qorunmasına, həm də Qarabağın yenidən canlandırılmasına xidmət edir.
Mədəniyyət Nazirliyindən Operativ Media-ya bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə 749 abidə dövlət qeydiyyatına alınıb:
Qarabağda mədəni irs abidələrinin bərpası prosesi
"Azad olunmuş ərazilərdə dağıdılmış tarixi-memarlıq abidələrinin inventarlaşdırılması, tədqiqi və restavrasiyası mərhələli şəkildə həyata keçirilir. Bununla paralel olaraq şəhərsalma və infrastruktur layihələri icra olunur, sosial obyektlər tikilir və əhalinin mərhələli şəkildə geri qayıdışı üçün zəruri şərait yaradılır. 2023-cü ildə Ağdam rayonunda yerləşən Pənahəli xanın İmarət Kompleksində bərpa işləri tamamlandı və kompleks ölkə başçısının iştirakı ilə istifadəyə verildi. Hazırda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi fəaliyyət göstərir".
Hazırda bərpa işləri aparılan əsas abidələr
Məlumata görə, hazırda Əsgəran qalasında bərpa işləri ilə bağlı tədbirlər davam etdirilir və layihə ölkə rəhbərliyinə təqdim olunub. Xankəndi Dövlət Dram Teatrının binasında əsaslı bərpa-gücləndirmə işləri aparılır. 1932-ci ildə inşa edilmiş bu bina sovet dövrü memarlığının xüsusiyyətlərini əks etdirir. Antiterror tədbirlərindən sonra aparılan monitorinqlər binanın işğal dövründə yararsız hala salındığını göstərmişdi. Hazırda dam örtüyü dəyişdirilir, fasad ilkin görkəminə qaytarılır, həyətyanı sahə abadlaşdırılır və daxili tam təmir olunur. Füzuli rayonunun Qarğabazar kəndində yerləşən Karvansaranın və Məscidin bərpası ilə bağlı işlər həyata keçirilir. Layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma prosedurlarına başlanılıb. Bundan başqa, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Qoçəhmədli kəndindəki tarixi məscidin bərpası istiqamətində işlər aparılır.
İşğaldan azad olunmuş ərazilərdə neçə abidə dövlət qeydiyyatındadır və inventarlaşdırma hansı mərhələdədir?
Nazirlikdən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə 749 abidə dövlət qeydiyyatına alınıb:
"İşğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatında əvvəlcə 705 abidə mövcud idi. 2025-ci ildə siyahıya 44 yeni abidə əlavə edilib və ümumi say 749-a çatdırılıb. Mədəniyyət Nazirliyi tərəfindən 550 abidə (onlardan 196-sı Şuşada olmaqla) inventarlaşdırılıb. Həmçinin 402 tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyekt qeydə alınıb. Ümumilikdə 155 abidənin inventarlaşdırılması mümkün olmayıb. Bunun səbəbləri təhlükəsizlik riskləri, yaşayış məntəqələrindən uzaq ərazilərdə yerləşmə, çətin dağlıq-meşəlik relyef və bəzi arxeoloji abidələrin ünvanları barədə məlumatların tam olmamasıdır. 2025-ci ilin sentyabr-oktyabr aylarında inventarlaşdırma yenidən aparılıb və nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir".
Bərpa olunmalı abidələrin ümumi vəziyyəti
Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılıb:
"114 abidə müxtəlif dərəcədə zədələnib, digər abidələr isə müxtəlif səviyyələrdə ziyan görüb. Nazirliyin əsas məqsədlərindən biri qəzalı vəziyyətdə olan abidələrin bərpası üçün əlavə maliyyə mənbələrini cəlb etməkdir".
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova Operativ Media-ya bildirib ki, Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanın əsas vəzifələrindən biri bu ərazilərdəki mədəni irs abidələrinin bərpası olub:
Onun sözlərinə görə, məscidlər, qalalar, körpülər, türbələr və qəbiristanlıqlar xalqın yaddaşını, kimliyini və tarixi şüurunu təcəssüm etdirən dəyərli mirasdır.
Deputat vurğulayıb ki, hazırda 400-dən çox tarixi abidənin reyestri hazırlanıb və onların inventarlaşdırılması üçün “mədəni irs xəritəsi” üzərində işlər gedir. Bu xəritə həm abidələrin qorunması, həm də elmi əsaslarla bərpa olunması və turizm potensialının artırılması üçün mühüm əhəmiyyət daşıyır.
Xüsusilə Şuşadakı Yuxarı Gövhər Ağa, Saatlı və Çöl Qala məscidləri, eləcə də Ağdam Cümə məscidinin Heydər Əliyev Fondu tərəfindən bərpası qeyd olunub. Qədim alban kilsələrinin də bərpası həyata keçirilir.
Elnarə Akimova qeyd edib ki, Türkiyə və digər türkdilli dövlətlər bərpa işlərinə ciddi töhfə verir, türk şirkətləri layihələrin icrasında fəal iştirak edir və maddi-texniki dəstək göstərirlər. Türk Mədəniyyət və İrs Fondu Qarabağ abidələrinin bərpasına xüsusi önəm verir.
Bununla yanaşı, mina təhlükəsi bərpa prosesində ən böyük maneələrdən biri olaraq qalır. Deputat bildirib ki, inventarlaşdırmanın tam başa çatdırılması və beynəlxalq mədəni qurumlarla əməkdaşlığın genişləndirilməsi qarşıda duran əsas hədəflərdəndir.
Milli Məclisin digər deputatı, Mədəniyyət komitəsinin üzvü Aqil Abbas isə bildirib ki, Qarabağda mədəni irs abidələrinin bərpası yüksək dinamika ilə davam edir və görülən işlərin miqyası hər ay artır.
Onun sözlərinə görə, abidələrin konservasiyası və bərpası ilə yanaşı, ərazilərdə geniş infrastruktur layihələri həyata keçirilir və bu prosesə həm yerli, həm də beynəlxalq ekspertlər cəlb olunur.
Deputat bildirib ki, ilin sonuna qədər daha çox vətəndaşın bölgəyə köçürülməsi planlaşdırılır. Bu məqsədlə yeni yaşayış binalarının inşası, abadlıq işləri, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və sosial obyektlərin tikintisi sürətlə aparılır. Məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər zəruri obyektlərin istifadəyə verilməsi əhalinin qayıdışı baxımından mühüm əhəmiyyət daşıyır.
Aqil Abbas qeyd edib ki, bütün bu işlər həm mədəni irsin qorunmasına, həm də regionun tamamilə dirçəldilməsinə yönəlib və dövlət qurumları prosesin sürətlə aparılması üçün bütün imkanları səfərbər ediblər.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanıb.

