"Həyat tərzində edilən dəyişikliklər xərçəng riskini azalda bilər" - Onkoloq
Xərçəng hələ də cəmiyyətdə “ölüm hökmü” kimi qəbul olunsa da, müasir tibb bu fikri çoxdan təkzib edib.
Cərrah-onkoloq, mammoloq Afət Cabbarova Operativ Media-ya müsahibəsində xərçəngin erkən aşkarlanması, risk faktorları, həyat tərzinin rolu və müalicə ilə bağlı yayılmış miflər haqqında danışıb:
- Xərçəngin erkən aşkarlanması mümkündürmü?
- Bəli, ən çox rast gəlinən şiş növlərinin böyük bir hissəsi erkən mərhələdə aşkar edilə bilər. Hətta bəzi hallarda şişlər hələ yaranmamışdan əvvəl — yəni “şişönü” mərhələdə müəyyən olunur. Məsələn, uşaqlıq boynu və prostat xərçəngi profilaktik müayinələr vasitəsilə vaxtında aşkarlanaraq xəstənin xərçəngdən qorunmasına imkan yaradır. Əsas problem ondadır ki, insanlar çox vaxt profilaktik müayinələrə laqeyd yanaşırlar.
- Azərbaycanda ən çox rast gəlinən xərçəng növləri hansılardır?
- Azərbaycandakı vəziyyət ümumilikdə dünya statistikasına uyğundur. Kişilər arasında ən çox rast gəlinən xərçəng növü ağciyər xərçəngi, qadınlar arasında isə süd vəzi xərçəngidir.
- Ağciyər və süd vəzi xərçənginin əsas səbəbləri nədir?
- Ağciyər xərçənginin başlıca səbəbi, bütün dünyada olduğu kimi, siqaret çəkməkdir. Süd vəzi xərçəngi isə çoxfaktorlu xəstəlikdir və tək bir səbəblə izah edilmir. Bu, qadınlar arasında ən çox rast gəlinən bədxassəli şiş növüdür.
- Stress və psixoloji vəziyyət xərçəngə yarada bilərmi?
- Bəli. Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, xroniki stress və uzunmüddətli psixoloji gərginlik şişlərin yaranmasına, eləcə də müalicədən sonra xərçəngin təkrarlanmasına təsir göstərə bilər. Bu təsir əsasən müşahidə və sorğu metodları ilə müəyyən edilir.
- Genetik meyillilik nə dərəcədə rol oynayır?
- Ümumilikdə xərçənglərin təxminən 10–15 faizi genetik meyilliliklə bağlıdır. Süd vəzi xərçəngi üçün də bu göstərici oxşardır.
Əgər ailədə, xüsusən birinci dərəcəli qohumlarda xərçəng halları mövcuddursa, həmin şəxslər risk qrupuna daxildir və müayinələrə daha erkən yaşlardan başlamalıdırlar. Bu hallarda genetik konsultasiya və genetik panel testləri tövsiyə olunur. İnkişaf etmiş ölkələrdə bu artıq standart yanaşmadır və test nəticələrinə əsasən fərdi müayinə proqramı hazırlanır.
- Həyat tərzində edilən dəyişikliklər xərçəng riskini azalda bilərmi?
- Bəli, olduqca effektivdir. Beynəlxalq onkoloji protokollara əsasən, fiziki aktivlik və bədən çəkisinin normallaşdırılması xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda, xərçəng keçirmiş xəstələrdə xəstəliyin təkrarlanma riskini də ciddi şəkildə aşağı salır.
- Hansı xərçəng növlərinin “cavanlaşması” müşahidə olunur?
- Bəzi xərçəng növlərində yaş həddinin aşağı düşdüyü müşahidə olunur. Bunun səbəbləri arasında artan stress, hormonal pozğunluqlar, nəzarətsiz hormonal müalicələr, karbohidrat və konservləşdirilmiş qidaların çox istehlakı, piylənmə və zərərli vərdişlər mühüm rol oynayır.
- Kimyaterapiya və şüa müalicəsi ilə bağlı ən çox yayılan miflər hansılardır?
- Ən geniş yayılmış miflərdən biri “Kimyaterapiya insanı öldürür, müalicə etmir” fikridir. Bu, tamamilə yanlışdır. Müasir tibbdə xərçəngin müalicəsində kimyaterapiyadan daha effektiv universal üsul yoxdur. Şüa müalicəsi isə düzgün planlaşdırıldıqda həm erkən, həm də ağır mərhələlərdə yüksək effektivliyə malikdir.
- Xərçəng xəstələrinin qidalanmasında ən çox buraxılan səhvlər nələrdir?
- Ən çox rast gəlinən səhvlər karbohidratla zəngin qidaların, fast food, qızarmış və konservləşdirilmiş məhsulların həddindən artıq istifadəsi, tərəvəzlərin isə az istehlak olunmasıdır. Qida balansının pozulması müalicənin effektivliyini zəiflədə bilər.
- Süni intellekt onkologiyada hansı yenilikləri vəd edir?
- Süni intellekt həkim səhvlərinin azalmasına, geniş məlumat bazası əsasında daha dəqiq diaqnostika və qərarların verilməsinə kömək edir. Bununla yanaşı, hiperdiagnostika - yəni problemin olduğundan artıq qiymətləndirilməsi riski də mövcuddur. Buna baxmayaraq, bu sahədə böyük perspektivlər var.
Xərçəng diaqnozu alan xəstələrə əsas tövsiyəniz nədir?
- Xərçəng diaqnozu psixoloji baxımdan çox ağır qəbul edilir. Cəmiyyətimizdə bu xəstəlik hələ də “ölüm hökmü” kimi dəyərləndirilir. Halbuki xərçəng müalicə oluna bilən xəstəlikdir və statistik olaraq infarktdan ölüm riski onkoloji xəstəliklərdən daha yüksəkdir.
Ən vacib məqam vaxtında həkimə müraciət etmək, rəsmi müalicə protokollarına əməl etmək və elmi əsası olmayan üsullarla vaxt itirməməkdir.
