Qaraciyər xəstəlikləri niyə gec aşkar olunur? – Həkimdən açıqlama
Qaraciyər xəstəlikləri uzun müddət gizli inkişaf edə bilər.
Bunu Operativ Media-ya açıqlamasında terapevt-hepatoloq Sevinc Abasova bildirib.
Onun sözlərinə görə, qaraciyər sinir ucları olmayan orqandır və bu səbəbdən xəstəliklər son mərhələyə qədər əlamətsiz davam edə bilər:
"Problem ondadır ki, fibroz və ya sirroz mərhələsində proses artıq müəyyən dərəcədə geridönməz olur. Diaqnoz gec qoyulduqda müalicənin effektivliyi azalır".
Sevinc Abasova qeyd edib ki, son illərdə yağlı qaraciyər xəstəliyi sürətlə yayılır və artıq demək olar ki, epidemiya xarakteri alıb. Bunun əsas səbəbi metabolik sindrom və həyat tərzinin dəyişməsidir.
“Oturaq həyat tərzi geniş yayılıb, insanlar daha çox fast-food qidalar qəbul edir, axşam saatlarında ağır və gec qidalanma halları artıb. Şəkərli diabetin artması, piylənmə və insulin rezistentliyi də bu prosesi sürətləndirir. Bundan əlavə, spirtli içkilərdən sui-istifadə, qalxanabənzər və mədəaltı vəzi xəstəlikləri də risk faktorları sırasındadır”, – deyə o bildirib.
Hepatit B və C viruslarının yoluxma yollarına toxunan həkim əsas risk faktorunun qanla təmas olduğunu diqqətə çatdırıb:
“Qeyri-steril tibbi və ya kosmetoloji alətlərdən istifadə yoluxma riskini artırır. Nadir hallarda cinsi yolla da yoluxma mümkündür".
Qaraciyərə zərər verən vərdişlər barədə danışan S.Abasova spirtli içkilərdən çox istifadə, yağlı və emal olunmuş qidaların həddindən artıq qəbulu, hərəkətsiz həyat tərzi, gec saatlarda intensiv qidalanma və həkim məsləhəti olmadan dərman istifadəsini xüsusi vurğulayıb:
“Xüsusilə aptekdən özbaşına dərman alıb qəbul etmək qaraciyərdə toksiki zədələnməyə səbəb ola bilər".
Həkim alkoqolun qaraciyərə təsiri ilə bağlı bildirib ki, davamlı spirt qəbulu əvvəlcə qaraciyərin piylənməsinə, daha sonra iltihaba və zamanla sirroza gətirib çıxara bilər:
“Ən vacib addım spirtli içkilərdən tam imtinadır. Erkən mərhələdə alkoqoldan uzaqlaşmaq qaraciyərin özünü bərpa etməsinə imkan verə bilər".
Son dövrlərdə geniş yayılan “qaraciyər detoksu” üsulları barədə danışan Sevinc Abasova qeyd edib ki, bu yanaşmaların effektivliyini təsdiqləyən ciddi elmi sübutlar mövcud deyil.
Qaraciyər fermentlərinin yüksəlməsinə aydınlıq gətirən həkim bildirir ki, bu hal hər zaman ciddi xəstəlik demək deyil:
“Bəzi dərmanlardan, zərərli qidalardan, virus və ya bakterial infeksiyalardan sonra fermentlər müvəqqəti olaraq arta bilər. Lakin göstəricilər davamlı və ya dalğavari şəkildə yüksəlirsə, bu, gələcəkdə fibroz və sirroz riskini artıra bilər".
Uzunmüddətli dərman qəbul edən şəxslərlə bağlı isə həkim vurğulayır ki, həyati göstəriş olduqda dərmanlar dayandırılmamalıdır:
“Sadəcə olaraq, belə xəstələr 3–6 aydan bir qaraciyər funksiyalarını yoxlatdırmalıdırlar. Nəzarət olduqda riskləri minimuma endirmək mümkündür".
Qaraciyər xərçəngi haqqında danışan Sevinc Abasova qeyd edir ki, xəstəlik erkən mərhələdə simptomsuz keçə bilər. Uzunmüddətli halsızlıq, iştahsızlıq və səbəbsiz çəki itkisi ilkin əlamətlər arasında ola bilər.
“Xroniki hepatiti və sirrozu olan xəstələr risk qrupuna daxildir. Onlar hər 6 ayda bir ultrasəs müayinəsindən və alfa-fetoprotein analizindən keçməlidirlər. Müasir MRT üsulları xəstəliyi erkən mərhələdə aşkar etməyə imkan verir”, – deyə həkim bildirib.
Sonda Sevinc Abasova sağlam qaraciyər üçün üç əsas amili qeyd edib:
“Birincisi, düzgün qidalanmadır. Emal olunmuş qidalardan, konserv məhsullarından, spirtli içkilərdən uzaq durmaq lazımdır. İkincisi, kifayət qədər yuxudur – gündə ən azı 7 saat yatmaq vacibdir. Üçüncüsü isə fiziki aktivlikdir. Həftədə ən azı 200 dəqiqə piyada gəzmək və oturaq həyat tərzindən uzaq olmaq qaraciyəri piylənmədən qoruyur".
