Menyu

Deputat: "Azərbaycanlılara qarşı soyqırımı siyasəti uzun illər planlaşdırılmış bir ssenari idi"

Operativ Media
Deputat: "Azərbaycanlılara qarşı soyqırımı siyasəti uzun illər planlaşdırılmış bir ssenari idi"

“31 mart Azərbaycan tarixində ən faciəli, eyni zamanda ən vacib günlərdən biri kimi qeyd olunur. Bu tarix xalqımızın üzləşdiyi böyük faciələrin, kütləvi qırğınların və insanlığa qarşı törədilmiş ağır cinayətlərin xatirəsini yaşadır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış fərmana əsasən, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi dövlət səviyyəsində qeyd olunur. Bu qərar yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillərin milli yaddaşının qorunması baxımından mühüm addım idi”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib. 

O bildirib ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasəti təsadüfi deyil, uzun illər formalaşdırılmış ideoloji planların nəticəsidir:

“Erməni millətçilərinin irəli sürdüyü mifik “Böyük Ermənistan” ideyası bu siyasətin əsasını təşkil edirdi. XIX əsrin əvvəllərindən başlayaraq Qarabağ və Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülməsi ilə regionun demoqrafik vəziyyəti süni şəkildə dəyişdirilmişdir.

Bu siyasət sonradan daha da sərtləşərək 1905-ci və xüsusilə 1918-ci illərdə kütləvi qırğınlara çevrildi. Məqsəd azərbaycanlı əhalini qorxutmaq, doğma torpaqlarından qovmaq və etnik təmizləmə həyata keçirmək idi.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin nəzarəti altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliklər törətdilər. Təkcə Bakıda deyil, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər bölgələrdə on minlərlə dinc insan qətlə yetirildi.

Bu dəhşətli hadisələr zamanı 30 mindən çox azərbaycanlı öldürüldü, on minlərlə insan öz torpaqlarından didərgin salındı, şəhər və kəndlər dağıdıldı, mədəniyyət abidələri məhv edildi, məscidlər, məktəblər və qəbiristanlıqlar yerlə-yeksan edildi - məzar daşları oğurlanaraq satıldı.

Bu qırğınlar, vandalism aktları, yalnız azərbaycanlılara qarşı deyil, bölgədə yaşayan digər xalqlara – ləzgilərə, yəhudilərə, ruslara, avarlara və talışlara qarşı da törədilmişdi.

Şamaxıda baş verən hadisələr araşdırıldıqda xüsusilə qəddar və dəhşətli olduğu izləri tapılır.

Təxminən 14–16 min insan tək şəhərdə qətlə yetirilmişdir, kəndlərdə isə 6–8 min nəfər öldürülmüşdür, ümumilikdə on minlərlə insan didərgin düşmüşdür. Quba qəzasında isə, 4 mindən çox insan öldürülmüş,122 kənd tamamilə dağıdılmış, minlərlə ev yandırılmışdır.

2007-ci ildə Qubada aşkar edilən kütləvi məzarlıq bu faciələrin real sübutu kimi tarixə düşmüşdür. Daha sonra burada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Soyqırım Memorial Kompleksi yaradılmışdır.

1918–1920-ci illərdə də İrəvan quberniyasında və Zəngəzur bölgəsində azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar həyata keçirilmişdir. Yüzlərlə kənd dağıdılmış, yüz minlərlə insan öldürülmüş və ya öz yurdlarından qovulmuşdur. Bu hadisələr nəticəsində bölgənin etnik tərkibi zorla dəyişdirilmişdir.

Uzun illər bu hadisələr gizlədilmiş, Sovet dövründə isə üstü ört-basdır edilmişdir. Yalnız müstəqillik dövründə bu həqiqətlər geniş şəkildə araşdırılmağa və dünya ictimaiyyətinə çatdırılmağa başlanmışdır.

Ümummilli Lider Heydər Əliyev bu barədə demişdir ki, soyqırımı həqiqətlərinin dünyaya çatdırılması hər bir azərbaycanlının müqəddəs borcudur. Bu siyasət bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2018-ci ildə soyqırımının 100 illiyi ilə bağlı imzalanmış sərəncam bu istiqamətdə aparılan işlərin daha da genişlənməsinə səbəb olmuşdur.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin xatırlanması deyil, həm də gələcək üçün dərsdir.

Bu gün biz tarixi həqiqətləri unutmamalı, şəhidlərin xatirəsini ehtiramla yad etməli, bu faciələrin təkrarlanmaması üçün həqiqətləri dünyaya çatdırmalıyıq.

Bu həm tarix qarşısında borcumuz, həm də milli kimliyimizin qorunması üçün vacib bir missiyadır".

Əlaqəli Xəbərlər