UN-Habitat nümayəndəsi: “Bu iştirak etdiyim ən yaxşı Dünya Şəhərsalma Forumudur”
“Bildiyimiz kimi, bu gün Dünya Şəhərsalma Forumunun son günüdür. Bu iştirak etdiyim forumlar arasında indiyədək ən bəyəndiyim oldu. Mən ümumilikdə dörd forumda iştirak etmişəm”.
Bu sözləri Operativ Media-ya açıqlamasında Keniyadan olan UN-Habitat əməkdaşı Trang Nguyen bildirib.
“Buradakı atmosferi çox bəyənirəm - sərgiləri, insanların şəhərlərdəki müxtəlif problemlərin həlli ilə bağlı təqdim etdiyi ideyaları, həmçinin yaşıl məkanlar, əlçatan mənzil qiymətləri və şəhər sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı müzakirələri.
Eyni zamanda şəhərlərin tarixi irsinin və mədəniyyətinin qorunması məsələlərinin diqqət mərkəzində olması da çox xoşuma gəlir. Azərbaycanlıların ailələri və uşaqları ilə birlikdə Dünya Şəhərsalma Forumuna gəlib burada vaxt keçirməsini görmək çox gözəldir. Uşaqlar oynayır və burada həqiqətən çox əylənirlər.
Bununla yanaşı, insanların öyrəndiyini, beynəlxalq iştirakçılarla ünsiyyət qurduğunu və fikir mübadiləsi apardığını görürəm. İnsanlar tez-tez mənə haradan olduğumu, adımın nə olduğunu soruşur, hətta “sağ ol” və “salam” sözlərinin necə deyildiyini öyrənmək istəyirlər. Bu isə çox gözəl bir mühit yaradır.
Buradakı informasiya, bilik paylaşımı, şəbəkələşmə və əməkdaşlıq imkanları həqiqətən təsiredicidir. Ətrafda çoxlu xoşbəxt insan görürəm və məncə, Dünya Şəhərsalma Forumunun ən gözəl tərəflərindən biri də budur”, - deyə o, bildirib.
“Düşünürəm ki, Azərbaycanın təşkil etdiyi sessiyalar möhtəşəm və yüksək səviyyədədir. Burada hər zaman böyük maraq, fəallıq, yaradıcılıq və pozitiv enerji hiss olunur. Azərbaycan xalqı zəngin tarixə və mədəniyyətə malik, qürurlu və gözəl insanlardır. Azərbaycan sessiyalarına böyük rəğbət bəsləyirəm”, - deyə o, qeyd edib.