Erkən inkişaf kurslarına uşaqları neçə yaşında göndərmək olar? – Psixoloq danışır
"Uşaqlar erkən inkişaf kurslarına, bağçaya və ya məktəbə qəbul edilməzdən əvvəl onların yaş xüsusiyyətləri, inkişaf səviyyəsi və fərdi potensialı qiymətləndirilməlidir. Çünki hər bir uşağın inkişaf tempi fərqlidir: elə uşaq var ki, iki yaşında səlis danışır, eləsi də var ki, dörd yaşında yeni-yeni ünsiyyət qurmağa başlayır. Buna görə bütün uşaqlara eyni yanaşmaq doğru deyil".
Bu sözləri Operativ Media-ya psixoloq Fatimə Bayramova deyib.
O bildirib ki, nitqi yaşına uyğun inkişaf etməyən uşaq haqqında bəzən “bağçaya getsin, düzələr” deyilir. Lakin əvvəlcə bunun səbəbi müəyyənləşdirilməlidir:
“Nitqdəki gecikmə sadəcə sosial mühitin məhdudluğu ilə bağlı ola bilər, amma bəzi hallarda onun arxasında psixoloji və ya inkişafla əlaqəli başqa amillər də dayana bilər. Bunları isə yalnız mütəxəssis qiymətləndirməsi ilə bir-birindən ayırmaq mümkündür.
Əgər uşağın inkişafına mane olan hər hansı psixoloji və ya digər problem yoxdursa, yaşına uyğun və düzgün seçilmiş kurslar onun nitqini, diqqətini, yaradıcılıq potensialını və kommunikativ bacarıqlarını inkişaf etdirə bilər.
Bəzən belə yanlış təsəvvür yaranır ki, ana evdədirsə, uşağın bağçaya və ya erkən inkişaf kurslarına getməsinə ehtiyac yoxdur. Halbuki valideynlə ünsiyyət nə qədər əhəmiyyətli olsa da, uşağın yaşıdları ilə münasibətini tam əvəz etmir. Uşağın şəxsiyyəti həm də öz yaşıdlarının əhatəsində formalaşır. Böyüklər uşağa anlayışla yanaşsalar da, onunla yenə də böyük mövqeyindən ünsiyyət qururlar. Yaşıdlar isə bir-birini dinləyir, oyun zamanı birlikdə qaydalar müəyyənləşdirir, həmin qaydaları qəbul edir və münaqişələri həll etməyi öyrənirlər. Beləliklə, uşaqlar bir növ öz kiçik cəmiyyətlərini qururlar.
Buna görə əsas məsələ uşağın kursa neçə yaşında başlaması deyil, həmin mühitdə özünü necə hiss etməsidir. Uşaq məşğələlərə həvəslə gedirsə, prosesdə sərbəst iştirak edir və özünü rahat hiss edirsə, bu mühit onun inkişafına müsbət təsir göstərə bilər.
Erkən inkişaf dövründə əsas problemlərdən biri valideynlərin uşağı həddindən artıq yükləməsi, onu eyni vaxtda müxtəlif məşğələlərə aparması və uzun müddət masa arxasında oturmağa məcbur etməsidir. Məktəbəqədər yaşlı uşaqlarda qeyri-ixtiyari diqqət üstünlük təşkil edir. Onların diqqəti uzun müddət sabit qalmır, hərəkətə və fəaliyyət dəyişikliyinə ehtiyac duyurlar. Buna görə uzun və monoton məşğələlər uşaqlar üçün sıxıcı və yorucu olur.
Təəssüf ki, bu vəziyyət bəzi bağçalarda da müşahidə edilir. Üç-dörd yaşlı uşaqlar uzun müddət masa arxasında saxlanılır və məşğələlər daha çox ənənəvi dərs formasında keçirilir. Nəticədə uşaq bağçadan bezə, evə yorğun və emosional gərgin qayıda bilər. Gün ərzində hərəkət ehtiyacı qarşılanmadığı üçün yığılan enerjisini evdə həddindən artıq hərəkətlilik, əsəbilik və ya aqressiv davranışlarla ifadə etməyə çalışa bilər.
Valideynlər müəssisə seçərkən yalnız reklama, şəraitə və uşaqların nümayiş etdirdiyi nəticələrə deyil, müəllimlərin peşə hazırlığına, pedaqoji ustalığına və uşaq psixologiyası haqqında biliklərinə də diqqət yetirməlidirlər. Proqramın oyun əsaslı olması, uşaqların yaşına uyğun hazırlanması, hərəkət və sərbəst fəaliyyət üçün vaxt ayrılması da vacib meyarlardır.
Keyfiyyətsiz proqram uşağın özünü yetərsiz və bacarıqsız hiss etməsinə səbəb ola bilər. Düzgün təşkil edilməyən təlim nəticəsində uşaqda davamlı yorğunluq, əsəbilik, həddindən artıq hərəkətlilik, məşğələlərə marağın azalması, yuxu və iştah dəyişiklikləri müşahidə oluna bilər.
Erkən inkişaf kursunun məqsədi uşağın inkişafını süni şəkildə sürətləndirmək və onu vaxtından əvvəl məktəbliləşdirmək deyil. Məqsəd uşağı yaşına uyğun şəkildə, tədricən məktəb həyatına hazırlamaq, oyun fəaliyyətindən təlim fəaliyyətinə keçidi asanlaşdırmaq və bu keçid zamanı ciddi psixoloji çətinlik yaşamasının qarşısını almaqdır”.

dəqiqələr içində saytın olsun.