Menyu

Mənzil təhlükəsizliyində edilən ən böyük səhvlər – Ekspert xəbərdarlıq edir

Ayşən Sadıxzadə
Mənzil təhlükəsizliyində edilən ən böyük səhvlər – Ekspert xəbərdarlıq edir

Mənzildə təhlükəsizlik məsələsi yalnız möhkəm qapı və kiliddən ibarət deyil. Pəncərələr, balkonlar, binanın giriş hissəsi, qaraj və hətta ev sahibinin gündəlik vərdişləri belə oğurluq riskinə təsir edə bilər.

Bəs mənzillərin ən zəif təhlükəsizlik nöqtələri hansılardır və evimizi mümkün oğurluqdan qorumaq üçün hansı tədbirləri görməliyik?

Mövzu ilə bağlı Operativ Media-ya danışan təhlükəsizlik eksperti Samir Nəbiyevin sözlərinə görə, əsas qapının sadəcə qalın olması onun təhlükəsiz olması demək deyil:

"Qapı möhkəm çərçivədən ibarət olmalı, kilid sistemi keyfiyyətli və dayanıqlı olmalıdır. Eyni zamanda pəncərə, balkon və sürüşən qapılar da mənzilin əsas zəif nöqtələrindən hesab olunur. Bu hissələrdə xüsusi mühafizə sistemlərinin yaradılması vacibdir.

Digər mühüm məqam binanın ümumi giriş hissəsidir. Bəzi köhnə binalarda ümumi nəzarət və mühafizə sistemi yoxdur. Həyət və giriş qapılarının nəzarətdə saxlanılması, mümkün olduğu halda isə ümumi mühafizə sistemlərinin tətbiqi məqsədəuyğundur.

Bundan başqa, ev sahibinin gündəlik vərdişləri də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Əgər oğru müəyyən bir evə girməyi planlaşdırırsa, əvvəlcə ev sahibinin gündəlik vərdişlərini və evin hansı saatlarda boş qaldığını öyrənə bilər. Buna görə də evdə kimin nə vaxt olduğunu, iş və məktəb qrafikini sosial mühitdə və açıq şəkildə paylaşmaq düzgün deyil.

Qaraj, anbar və həyət kimi nəzarətsiz qalan hissələr də risk yarada bilər. Xüsusilə nəzarət olunmayan ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir.

Vətəndaşlar ilk növbədə qapı və pəncərələrin keyfiyyətli materiallardan hazırlanmasına və peşəkar şəkildə quraşdırılmasına diqqət etməlidirlər. Qapı möhkəmləndirilmiş çərçivəyə malik olmalı və sonradan da onun təhlükəsizlik vəziyyəti yoxlanılmalıdır.

Kilid sistemi də keyfiyyətli olmalıdır. Sürüşən balkon qapılarında qaldırılmaya qarşı qoruyucular, pəncərələrdə isə kilid və məhdudlaşdırıcılar tətbiq edilə bilər.

Növbəti mərhələdə qapı və pəncərə sensorları, siqnalizasiya sistemi və hərəkət sensorlu xarici işıqlandırmadan istifadə etmək mümkündür. Ən azı balkonlarda və eyvanlarda hərəkətə həssas işıqların quraşdırılması əlavə təhlükəsizlik yaradır.

Evdə müşahidə kameralarının olması da vacibdir. Lazım olduqda videozəng sistemi tətbiq edilə bilər. Hətta sadəcə müşahidə kamerasının görünməsi belə potensial cinayətkarın qarşısını alma ehtimalını artıra bilər.

Evdən çıxarkən qapı-pəncərələr möhkəm bağlanmalı, açarlar isə qapının yaxınlığında və ya asanlıqla tapılan yerlərdə saxlanılmamalıdır. Bəzi insanlar açarı ayaqaltında, dibçəkdə və ya digər açıq yerlərdə gizlədirlər. Belə hallara yol vermək olmaz.

Zinət əşyaları və mühüm sənədlər də asanlıqla tapılan yerlərdə saxlanılmamalıdır. Əgər evdə seyf varsa, onun sadəcə alınması kifayət deyil. Seyfin yerindən çıxarılmaması üçün divara və ya digər möhkəm konstruksiyaya düzgün şəkildə bərkidilməsi vacibdir.

Əsas prinsip ondan ibarətdir ki, oğrunun mənzilə daxil olmasını çətinləşdirmək, onun hərəkətini mümkün qədər tez aşkar etmək və evin asan hədəf olmadığı görüntüsünü yaratmaq lazımdır.

Hətta bəzi hallarda ev sahibi uzun müddət evdə olmadıqda işıqların müəyyən intervallarla avtomatik yanıb-sönməsini təmin edən sistemlərdən də istifadə etmək mümkündür. Bu, evin tamamilə boş olduğu təəssüratının yaranmasının qarşısını ala bilər".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər