Son zamanlar ölkəmizdə onlayn alış-verişə maraq kifayət qədər artıb. Pandemiyada qapanmalar zamanı xüsusilə bu sahəyə maraq daha da genişlənib. Lakin maraqla yanaşı neqativ hallarda çoxalmaqdadır. Bir çox hallarda sosial şəbəkələr üzərindən edilən alqı satqı zamanı vətəndaşlar aldadılır.
“Operativ Media” onlayn alış-veriş zamanı ən çox edilən dələduzluq hallarını və istehlakçılaırn hüquqlarını araşdırıb.
İnsanlar daha çox hansı hallarda aldadılır?
Alqı-satqı zamanı satıcılar bir çox hallarda məhsul üçün beh tələb edir. Ödəniş edildikdə isə bəzi hallarda alıcı bloka atılır və satıcı ilə heç cürə əlaqə saxlaya bilmir. Bəs belə olan halda istehlakçı nə edə bilər?
Hüquqşünas Şamil Paşayev deyir ki, əksər hallarda vətəndaşlar ilkin mərhələdə aldadılır.
"Deyək ki, ilkin olaraq beh istənilir, sonra isə alıcı bloklanır və ya telefona cavab vermir. Belə olan halda bu xırda talama sayılır və inzibati məsuliyyət yaradır. Amma vahid niyyətlə edildikdə belə deyək ,bir neçə şəxsə qarşı olduqda bu cinayət əməli sayılır. Burda isə dəyən zərərə 500 manatdan yüksək olmalıdır. Bütün hallarda polisə şikayət etməklə alıcı öz hüququnu təmin edə bilər"
Bəzən isə satıcı həqiqətən də məhsulu çatdırır, lakin keyfiyyəti və ya forması alıcını qane etmir. Belə olan halda alıcıların hansı hüquqları var?
"Satıcı 14 gün ərzində o məhsulu dəyişdirib və ya geri qaytarılmanı təmin etməlidir. Sosial şəbəkələr üzərindən edilən alış-veriş zamanı kassa çeki və qəbz olmadığından əksər hallarda satıcılar bundan boyun qaçırır. Lakin, sifariş prosesi boyunca tərəflər arasında olan yazışmalar, telefon danışıqları şifahi əqd sayıldığından alıcı istənilən formada həmin şəxsi şikayət edə bilər" deyə hüquqşünas bildirib.






