Rəqəmsal mühitdə şəxsi məlumatların qorunması qanunla necə tənzimlənir?

Şəfa Hüseynli
Rəqəmsal mühitdə şəxsi məlumatların qorunması qanunla necə tənzimlənir?

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə şəxsi məlumatların təhlükəsizliyi aktuallaşan əsas hüquqi məsələlərdən birinə çevrilib.

İnsanların gündəlik həyatında internet və sosial şəbəkələrdən geniş istifadə, fərdi məlumatların toplanması və paylaşılması risklərini artırır.

Bu baxımdan, rəqəmsal mühitdə şəxsi məlumatların qorunması sahəsində qanunvericiliyin necə tənzimləndiyi və tətbiq mexanizmlərinin nə dərəcədə təsirli olduğu mühüm suallar doğurur.

Mövzu ilə bağlı Operativ Media-ya hüquqşünas Əlövsət Allahverdiyev münasibət bildirib.


Onun sözlərinə görə, rəqəmsal mühitdə şəxsi məlumatların qorunması Azərbaycanda qanunvericiliklə kifayət qədər ciddi tənzimlənir. Bu sahədə əsas normativ-hüquqi akt “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu hesab olunur.

Həmçinin o qeyd edib ki,  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Konstitusiyası da bu sahədə mühüm hüquqi baza yaradır.

"Xüsusilə qeyd etmək istəyirəm ki, rəqəmsal mühitə aid xüsusi tələblər var ki, bu tələblər qismində elektron məlumat bazaları və onlayn sistemlərin müvafiq mühafizə səviyyəsinə malik olması, şəxsi məlumatların internet üzərindən ötürülməsi şifrələnməklə (kriptolamaqla) həyata keçirilməsi, məlumat operatorları (məlumatı toplayan və emal edən qurum və ya şirkət) məlumat sahibinin hüquqlarını qorumaq üçün texniki və təşkilati tədbirlərin görülməsi çox vacibdir.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində fərdi məlumatların toplanılmasının və işlənilməsinin əsas şərtləri göstərilmişdir. 9.1-ci maddəyə görə fərdi məlumatların toplanılmasının və işlənilməsinin məqsədi mülkiyyətçi və ya operator tərəfindən dəqiq bəyan edilməli, həmin məlumatların toplanılması və işlənilməsi bu məqsədlərə, habelə mülkiyyətçinin və ya operatorun maddi-texniki və təşkilati imkanlarına uyğun olmalıdır.

Fərdi məlumatlar yalnız qanuni, əvvəlcədən müəyyən olunmuş və bəyan edilmiş məqsədlər üçün toplanılmalı və göstərilmiş məqsədlərə uyğun üsullarla işlənilməlidir. 9.4-cü maddə də isə göstərilir ki, fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda həmin məlumatlar təxirə salınmadan məhv edilməlidir. 9.7.1.1-ci maddəyə görə fərdi məlumatlar yalnız qanuni və müəyyən məqsədlərlə toplanmalıdır.

 Məlumat məlumat sahibinin razılığı ilə toplanır (istifadəçi onlayn qeydiyyatdan keçərkən “razıyam” düyməsini sıxanda bu razılıq kimi sayılır). Qanunla nəzərdə tutulan hallar istisna olmaqla, razılıqsız məlumat toplamaq olmaz. Məlumatların həcmi yalnız məqsədə uyğun qədər olmalıdır, yəni “artıq” məlumat yığmaq qadağandır.

Artıq 10.1- ci maddədə göstərilir ki, fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Fərdi məlumatların toplanılması və işlənilməsi, həmin məlumatların mühafizəsinin tam təmin olunmaması nəticəsində subyektə dəyən maddi və mənəvi ziyan və onun həcmi məhkəmə tərəfindən müəyyən edilir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçi tərəfindən ödənilir."-deyə hüquqşünas bildirib.

Eyni zamanda hüquqşünas vurğulayıb ki, Maddə 11. Fərdi məlumatların toplanılmasının xüsusiyyətləri

11.1. Mülkiyyətçi və ya operator subyektdən yalnız işlənilmə məqsədlərinə nail olmaq üçün zəruri olan fərdi məlumatları almaq hüququna malikdir.
11.2. Mülkiyyətçi və ya operator fərdi məlumatları toplayarkən subyektə aşağıdakıları mütləq bildirməlidir:
11.2.1. mülkiyyətçinin və ya operatorun kimliyini müəyyənləşdirən məlumatlar;
11.2.2. fərdi məlumatların işlənilmə məqsədi və bu məqsədin hüquqi cəhətdən əsaslandırılması;
11.2.3. toplanılan və işlənilən fərdi məlumatların informasiya sistemində mühafizə səviyyəsi;
11.2.4. informasiya sistemlərinin uyğunluq sertifikatının mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat;
11.2.5. fərdi məlumatların nəzərdə tutulan istifadəçilərinin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sisteminin dairəsi;
11.2.6. subyektin bu Qanunla müəyyən olunmuş hüquqları barədə məlumatlar.
11.3. Fərdi məlumatların təqdim olunması qanunla müəyyən olunmuşdursa, mülkiyyətçi və ya operator subyektə fərdi məlumatların məcburi şəkildə təqdim edilməsindən imtinanın hüquqi nəticələri barədə məlumat verməlidir.

Son olaraq o, bir daha qeyd edib ki, rəqəmsal mühitdə şəxsi məlumatların qorunması Azərbaycan qanunvericiliyinə əsasən məxfilik, razılıq və təhlükəsizlik prinsipləri ilə tənzimlənir. “Şəxsi məlumatlar haqqında” Qanuna görə, şəxsi məlumatlar yalnız istifadəçinin açıq razılığı ilə toplanmalı, məqsədyönlü şəkildə emal edilməli və mühafizə olunmalıdır. Rəqəmsal platformalar (saytlar, tətbiqlər, sosial şəbəkələr və s.) məlumatların təhlükəsiz saxlanması və icazəsiz yayılmasının qarşısını almağa borcludur. Beləliklə, qanun rəqəmsal məxfilik hüququnu qorumaqla həm vətəndaşın şəxsi həyatına hörməti, həm də rəqəmsal təhlükəsizliyi təmin edir.

Digər xəbərlər