“Azərbaycan məktəblərində dərslərin böyük bir qismi hələ də bilik yönümlü, nəticə isə qiymətə əsaslanan sistem üzrə aparılır. Bu, təhsilin məqsədini şagirdin şəxsiyyət kimi formalaşması, emosional, sosial və yaradıcı bacarıqlarının inkişafını arxa plana keçirir. Xüsusilə xarici dil, bədən tərbiyəsi və incəsənət fənləri bu mənada “ciddiyə alınmayan”, lakin əslində insan inkişafı üçün həyati əhəmiyyət daşıyan sahələr kimi qiymətləndirilməlidir".
Bu fikirləri Operativ Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, xarici dilin tədrisi bu gün məktəb sistemində ən çox saat ayrılan, amma ən az praktiki nəticə verən fənlərdən biridir:
“Bunun əsas səbəbi kommunikativ metodikanın hələ də geniş tətbiq edilməməsi, müəllimlərin çoxunun ənənəvi tədris üslubuna üstünlük verməsidir. “Ümumi təhsil haqqında” Qanunun 11-ci maddəsinə görə, ümumi təhsilin əsas məqsədi “şəxsin yaradıcı, tənqidi və analitik düşünmə qabiliyyətini inkişaf etdirməkdir. Lakin bu prinsiplər xarici dil tədrisində çox vaxt nəzəri səviyyədə qalır. Elm və Təhsil Nazirliyinin “Foreign Language Education Reform Planı” çərçivəsində həyata keçirdiyi “English for Future” və “İngiliscə danışaq” layihələri məktəblərdə real ünsiyyət bacarıqlarını formalaşdırmaq istiqamətində əhəmiyyətli addımlardır. Bu proqramların nəticəsində 2024-cü ildə 300-dən çox məktəbdə interaktiv tədris metodları tətbiq olunub, bu da şagirdlərin 40 faizlik irəliləyişinə səbəb olub.
Bədən tərbiyəsi dərsləri baxımından vəziyyət bir qədər fərqlidir. Bu fənn çox zaman məktəb proqramında “boş” və ya “formal” dərs kimi dəyərləndirilir. Halbuki “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən, məktəb “təhsilalanın fiziki sağlamlığının qorunması və möhkəmləndirilməsi üçün lazımi şərait yaratmalıdır. Lakin reallıqda bu şərait bütün məktəblərdə təmin olunmur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə məktəblərinin təxminən 38 faizində idman zalı və ya açıq idman meydançası yoxdur. Bununla belə, Elm və Təhsil Nazirliyi 2023–2025-ci illəri əhatə edən “Sağlam məktəb” proqramı ilə 250 məktəbdə idman zallarını yeniləyib, 80 məktəbdə yeni mini-futbol və basketbol meydançaları istifadəyə verib. Bu, uşaqların fiziki sağlamlığının qorunması və məktəb mühitinin aktiv həyat tərzinə yönəldilməsi baxımından mühüm dövlət addımıdır.
Musiqi, rəsm və teatr dərsləri isə ümumtəhsilin ən çox dəyərləndirilməyən, amma uşaq şəxsiyyətinin emosional və yaradıcı yönünü formalaşdıran əsas komponentləridir. Tədrisin real vəziyyəti göstərir ki, bu dərslər bir çox hallarda ya ixtisaslı müəllim çatışmazlığı, ya da məktəbin maddi-texniki imkanlarının zəifliyi səbəbindən formal keçir. Bunun nəticəsində uşaqlarda yaradıcılıq, estetik zövq və özünüifadə bacarıqları inkişaf etmir.
Elm və Təhsil Nazirliyinin “Seçmə fənlər” konsepsiyası çərçivəsində musiqi, rəsm, teatr və rəqəmsal dizayn kimi fənlərin şagird maraqlarına uyğun keçirilməsi planlaşdırılır. Bu, məktəbdə yaradıcı mühiti gücləndirəcək və uşaqlarda fərdi istedadların inkişafına şərait yaradacaq. Eyni zamanda, bu fənlərin könüllü və seçim əsaslı keçirilməsi tədris prosesinin səmərəliliyini artıracaq, çünki marağa əsaslanan öyrənmə məcburiyyətə əsaslanandan daha məhsuldardır.
Mənfi tərəf kimi qeyd olunmalıdır ki, bu fənlərin ciddiyə alınmaması uşaqlarda balanssız inkişaf yaradır. Bilik yönümlü fənlərdə uğur qazanan, lakin emosional və sosial yönü zəif inkişaf etmiş nəsil formalaşır. Bu, uzunmüddətli perspektivdə əmək bazarının da keyfiyyətinə təsir edir, çünki yaradıcılıq və komandada işləmək kimi bacarıqlar XXI əsrin əsas tələblərindəndir".





