“Hibrid avtomobillərin inkişafı müəyyən mərhələdə dayanacaq, lakin elektriklə işləyən nəqliyyat vasitələri uzunmüddətli perspektivdə davam edəcək. Bunun əsas səbəbi isə elektrik avtomobillərinə tətbiq olunan güzəştlərin tam və ya qismən saxlanılmasıdır”.
Bu fikirləri Operativ Media-ya açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosasiyasının nümayəndəsi Eyyub Əliyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev 2021-ci ildə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” haqqında sərəncam imzalamışdı:
“Həmin sənəddə yer alan beşinci prioritet — “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu istiqamət çərçivəsində bir çox sahələrdə ekoloji tarazlığın qorunması və təbiətin mühafizəsi nəzərdə tutulur ki, nəqliyyat sektoru da bu istiqamətlərdən biridir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən avtomobil parkının təxminən 86 faizi 10 ildən artıq yaşı olan nəqliyyat vasitələrindən ibarətdir. Bu cür köhnə avtomobillər, təbii ki, ekoloji baxımdan zərərli təsir göstərir və atmosferə daha çox zərərli tullantılar buraxır. Məhz bu səbəbdən “Azərbaycan 2030” sənədi ölkənin nəqliyyat sisteminin yenilənməsini və ekoloji cəhətdən təmiz avtomobillərin istifadəsini önə çəkir.
Mənim fikrimcə, yaxın illərdə, xüsusilə 2030-cu ilə qədər elektrik avtomobillərinə verilən güzəştlər davam edəcək. Bu, həm ətraf mühitin qorunması, həm də təbii sərvətlərdən səmərəli istifadənin təmin olunması baxımından çox vacibdir. Prezidentin bu istiqamətdə atdığı addımlar Azərbaycanın “yaşıl artım” strategiyasına tam uyğun gəlir.
Ümid edirəm ki, yaxın zamanda hibrid avtomobillərlə bağlı da yeni qərarlar qəbul ediləcək və ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin payı daha da artacaq. Bu, həm təbiət, həm də gələcək nəsillər üçün böyük qazanc olacaq.
Qeyd edək ki, gələn ilin ilk günündən etibarən Azərbaycanda hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunur.





