"Ölkədə 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payı 30 %-ə çatdırılacaq".
Bunu "Operativ Media"ya açıqlamasında Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib.
Elman Cəfərlinin sözlərinə görə, energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi əsas hədəflərdəndir. Azərbaycanın coğrafi mövqeyi və iqlimi də buna tam imkan verir.
"Ölkəmizin günəşli və küləkli iqlimə malik olması, yaşıl enerji zonalarının yaradılmasına imkan yaradacaq. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qiqavat təşkil edir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030 cu ilədək isən 30 faiz çatdırılması Azərbaycanın 2022-2026 cı illər üçün sosial iqtisadi inkişaf strategiyasında nəzərdə tutulub.
Elman Cəfərli bildirib ki, bərpaolunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı sayıla bilər. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, həmçinin, Naxçıvan "yaşıl enerji zonası" elan edilib və bu istiqamətdə addımlar atılıb. Bu da beynəlxalq arenada və inkişaf etmiş ölkələrlə münasibətlərdə əlavə müsbət impuls və stimul qazandıra bilər. Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Yaxın gələcəkdə yaşıl və hidrogen enerjinin ixtracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 gigavata çatacaq. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istofadəyə verilib. 2024-cü ilin sonuna qədər 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək".