"Elə rayonlar var ki, qış sentyabr ayından başlayır. Onlar üçün qaz limiti dəyişdirilməlidir".
Bunu "Operativ Media"ya açıqlamasında millət vəkili Razi Nurullayev deyib.
![]()
Millət vəkilinin sözlərinə görə, qaz limitinin olması ədalətli deyil.
"Dövlətin əlində hal hazırda elektron siyahı var. O elektron siyahıda kimin kasıb, kimin varlı olduğu görünür. Kimin illik hansı qazanca sahib olduğu görünür. Bunu artıq gizləmək mümkün deyil. Ona görə də o siyahıya uyğun olaraq gəlirləri az olan insanların hamısı üçün qaz limitiniz ləğv olunması birmənalı vacibdir".
Razi Nurullayev deyir ki, xüsusilə dağlıq rayonlarda yaşayanlar əziyyət çəkir. Paytaxt qış rejiminə noyabrda keçirsə, bəzi yerlərdə qış sentyabrdan maya qədər davam edir.
"Nəzərə almaq lazımdır ki, bölgələrdə əhali aztəminatlıdır. Sosial fərq özünü göstərir. Kiminsə illik qazancı 100 min, 200 min manatdır. Amma sosial yardım alanlar var, işsizlər, xəstələr, əlillər var. Elə rayon var, istidir elə rayon var orada qış sentyabrdan başlayır, maya qədər davam edir. Ümumiyyətlə limit ölkə üzrə ləğv olunmalıdır".






