Tətil günlərində bir çox insanlar passiv istirahətdən kənarlaşaraq adrenalinli və fərqli istirahət axtarırlar. Məzuniyyət günlərinizin passiv istirahət hissəsindən artıq doymusunuzsa, bu yazı sizin üçündür.
“Operativ Media” Azərbaycandakı fərqli və maraqlı əyləncə fəaliyyətlərini və onların qiymətlərini araşdırıb.
İstidə çimərliklərə üz tutanlar skuter və "Aquapark"lardakı əyləncə vasitələrindən istifadə edirlər. Amma sözsüz ki, bunların heç biri "Paratrike" paraşütlə uçuş təcrübəsinin verdiyi adrenalini əvəz edə bilməz. Uçuşlar adətən səhər saatlarında həyata keçirilir və bir anlıq pilotlar kimi səmaya toxunmaq imkanı qazanırsınız. 15 dəqiqəlik uçuşun qiyməti həftəiçi 170, həftəsonu 200 manatdır. Uçuşlar üçün maksimal çəki 100 kiloqram müəyyən edilib. Pilotlar beynəlxalq dərəcəli peşəkar heyətdir və bu xidmətdən istifadə edənlər 2 000 manatlıq sığorta olunurlar.
Egey dənizində yaxta əyləncəsini yoxlayanlar sözsüz ki, mavi suların verdiyi əvəzolunmaz həzzi hər fürsətdə axtarmağa çalışırlar. Xəzər dənizində bu xidmətlər üçün tam ideal imkanlar olmasa da, turistlər üçün seçimlər var. Aşağıda təqdim edəcəyimiz qiymətlər xidmətlərinə görə Türkiyə ilə müqayisədə baha olsa da, xarici turistlər arasında bu əyləncəyə üz tutanlar az deyil. Qiymətlər isə belədir:
- Mini kater - 1 saat 300 AZN (Maksimum 6 nəfər)
- Yelkənli yaxta - 1 saat 350 AZN (Maksimum 9 nəfər)
- Lüks yaxta 1 - 1 saat 700 AZN (Maksimum 10 nəfər)
- Lüks yaxta 2 - 1 saat 600 AZN (Maksimum 10 nəfər)
- Lüks yaxta 3 - 1 saat 800 AZN (Maksimum 18 nəfər).
Qiymətlərə yalnız kapitan daxildir. Əlavə ödənişlə menyu təklif edilir və ya özünüzlə istədiyiniz içki və ya qida gətirə bilərsiniz.
Bu arada adambaşına 160 manat ödəməklə Nargin adasına da turlar təşkil edilir. Tur çərçivəsində gəmi adanın yaxınlığında lövbər salır. Adaya girişə isə icazə verilmir.
Günün sərin vaxtlarında isə nisbətən ucuz və maraqlı bir tur da son zamanlar geniş yayılıb.
At sürmək istəyənlər maraqlı bir təcrübə yaşaya bilərlər. Turlar şənbə və bazar günləri maksimum 8-10 iştirakçı və bələdçinin müşayiəti ilə keçirilir. Marşrut Xocəsən kəndi gölün yaxınlığından başlayır, dağ yolu ilə Şubanı (qədim kənd) istiqamətində 60-90 dəqiqə davam edir. Qiymət bir nəfər üçün 25 manatdır.
Qiymətə at, bələdçi, təlim, 1-1.5 saatlıq tur və çay daxildir:
Bundan başqa adrenalin yaşamaq istəyənlər Yanardağa təşkil olunan Ezraider turlarına qoşula bilərlər. 4 təkərli bu nəqliyyat vasitəsi qum və daşlıq ərazidə maraqlı bir təcrübədir. Qobustan qoruğunda təşkil olunan bu tur 20 dəqiqə davam edir və 25 manata başa gəlir.
“Adrenalin istəyənlər həmişə göylərə baxsın” deyimi yenə də qüvvədə qalır. İnsanların təhlükəsiz hesab etdiyi və dünya üzrə turistlərin ən çox üz tutduğu əyləncələrdən biri də yamac paraşütüdür. Siyəzən və Qubada təşkil olunan bu turlara hər həftə qeydiyyat aparılır. Qiymətlər isə hündürlüyə görə dəyişir. Uçuş Qubada Qrız və Buduq kəndində dəniz səviyyəsindən 2230 metr hündürlükdə təşkil olunursa, qiymət bir nəfər üçün 170 manatdır. Uçuş müddəti 10-20 dəqiqə arası çəkir.
Hündürlük dəniz səviyyəsindən 1600 metr yüksəklikdə reallaşırsa, qiymət 70 manatdır. Uçuş müddəti 3-10 dəqiqə arası davam edir.
Maraqlı turlardan biri isə şəhərdaxili retro motosikletlər yürüşdür. 30 manata paytaxtı retro motosikletlərlə gəzə bilərsiniz.
Son zamanların ən dəbdə olan oyunlarından biri olan "Airsoft" hərbi taktiki oyunu isə real döyüş şəraitinin bir hissəsini sizə yaşada bilər. "Airsoft" yumşaq pnevmatika ilə çalışan real silahların tam ölçülü surətlərilə və komanda şəklində oynanan hərbi taktiki oyundur. "Paintball" oyunundan fərqli olaraq, "airsoft" oyununda sərt plastikdən hazırlanmış 6 mm yuvarlaq şarlardan istifadə edilir. İstifadə olunan silahlar real silahların tam ölçülü surətləridir. 25 manatlıq qiymətə 400 güllə və geyim daxildir.






