Avtomobilinə qaz qurğusu quraşdıranlar nələri bilməlidir? - İZAH

Ayşən Sadıxzadə
Avtomobilinə qaz qurğusu quraşdıranlar nələri bilməlidir? - İZAH

“Son illər ölkəmizdə qaz balonlu avtomobillərin sayı artmaqdadır. Bu isə təhlükəsizlik baxımından ciddi narahatlıqlar doğurur. Çünki qazla işləyən nəqliyyat vasitələri adi avtomobillərlə müqayisədə daha risklidir və onlara münasibət də fərqli olmalıdır. Təəssüf ki, dünyada bu sahədə təhlükəsizlik normaları və qanunvericilik daim yenilənməsinə baxmayaraq, Azərbaycanda bu istiqamətdə hələ ciddi addımlar atılmayıb”.

Bu fikirləri Operativ Media-ya açıqlamasında nəqliyyat Eksperti Elməddin Muradlı deyib. 

O bildirib ki, əslində, təhlükənin ən böyük mənbəyi bu avtomobillərin istismarı deyil, onların nəzarətsiz şəkildə təmir və quraşdırılmasıdır:

“Bir çox hallarda sürücülər qaz balonunu qeyri-rəsmi ustalara, adi qarajlarda quraşdırdırırlar. Belə yerlərdə nə texniki standartlara, nə də təhlükəsizlik qaydalarına əməl olunur. Ucuz başa gəlməsi sürücüləri cəlb edir, amma nəticədə bu “ucuzluq” daha böyük zərərlə qayıdır. Bəzən 500–700 manat qənaət etmək istəyən şəxs bir anda həm maşınını, həm də həyatını riskə atır.

Bəzi ölkələrdə artıq qaz balonlu avtomobillərin yeraltı parkinqlərdə saxlanmasına qadağa qoyulub, onlar üçün xüsusi açıq dayanacaqlar yaradılır. Bizdə isə belə tənzimləmələr hələ tətbiq olunmur. Məsələn, ticarət mərkəzlərində və ya yeraltı dayanacaqlarda girişdə nəzarətçi dayanır, avtomobildə qaz balonu varsa içəri buraxmır. Amma bu, sadəcə şəxsi təşəbbüsdür — qanunla tənzimlənmir. Halbuki bu məsələ qanunvericilikdə ayrıca qeyd olunmalı, qaz balonlu avtomobillərin parklanma qaydaları dəqiq müəyyənləşdirilməlidir.

Digər tərəfdən, qaz balonu quraşdırmaq üçün vətəndaşın əvvəlcə Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq şöbələrinə müraciət etməsi, avtomobilin texniki baxışdan keçməsi lazımdır. Yalnız texniki uyğunluq təsdiq edildikdən sonra quraşdırma icazəsi verilməlidir. Təəssüf ki, bu qaydalar çox hallarda gözardı edilir. Rəsmi, yoxlanılmış servis əvəzinə, qeyri-peşəkar sexlərdə ucuz materiallardan istifadə edilir. Nəticədə Çin istehsalı olan, keyfiyyətsiz qaz balonları ölkəyə gətirilir və təhlükə potensialı artır.

Əslində, burada məsuliyyət həm sürücülərin, həm də bu işi həyata keçirən müəssisələrin üzərinə düşür. Sürücülər ucuz xidmət axtararkən öz həyatlarını təhlükəyə atırlar, müəssisələr isə qaydalara əməl etmədən qaz sistemləri quraşdıraraq başqalarının təhlükəsizliyini risk altına salırlar.

Əgər qanunvericilikdə bu məsələ dəqiq tənzimlənsə, sertifikatlı servislər fəaliyyət göstərsə və nəzarət mexanizmi güclənsə, həm təhlükələr azalacaq, həm də cəmiyyətin bu sahəyə etibarı artacaq. Keyfiyyətli və təhlükəsiz quraşdırma üçün bəzən bir qədər çox xərcləmək lazım gəlir, amma bu, insan həyatının və əmlakın qorunması üçün atılan ən düzgün addımdır.

Beləliklə, qaz balonlu avtomobillərin istifadəsi enerji baxımından sərfəli olsa da, məsuliyyət tələb edən sahədir. Burada əsas məsələ ucuzluq deyil, təhlükəsizlik olmalıdır. Çünki bir anlıq qənaət bəzən illərlə zəhmət çəkib qazandığını bir saniyədə itirməyə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər".

Digər xəbərlər