"İctimai nəqliyyatda sərnişinlərin təsnifatlaşdırılması faydalı olar" - Ekspert

Nərmin Qocamanlı
"İctimai nəqliyyatda sərnişinlərin təsnifatlaşdırılması faydalı olar" - Ekspert

Əksər inkişaf etmiş ölkələrdə, həmçinin qonşu ölkələrin bəzilərində sərnişinlərin təsnifatlaşdırılması işləri aparılıb. Məsələn, Türkiyədə şagird və tələbələrə, yaşlı təqaüdçülərə ictimai nəqliyyatın bütün növlərində böyük həcmli güzəştlər var. Adi vətəndaşlar ictimai nəqliyyat üçün 12,67 türk lirəsi ödəyirlərsə, tələbələr üçün gedişhaqqı 5,58 türk lirəsidir. Orada həm də qazilər ictimai nəqliyyatda gedişhaqqından azaddırlar. Bundan başqa, Türkiyə, Gürcüstan və Rusiyada müəyyən bayramlarda bütün əhali üçün ictimai nəqliyyatda gediş havayı olur. Bəs Azərbaycanda bu cür güzəştləri yaxın vaxtlarda gözləmək olarmı?  

“Operativ Media”ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu cür beynəlxalq təcrübəni Azərbaycanda da tətbiq etməkdə fayda var. Bu, həm də ictimai nəqliyyatdan istifadəyə təşviq edir.

“Bu sistemi bizim ölkəmizdə də qurmaq olar. Müxtəlif tədbirlər görülməlidir. Birinci növbədə müəyyən bir şəhərdə tutaq ki, Bakı şəhərindən başlamaq olar, sonra Sumqayıt, Gəncə və digərlərində tətbiq etmək olar. Ümumiyyətlə vahid kart sistemi tətbiq olunmalıdır. Yəni elə edilməlidir ki, dəqiq bilinsin ki, bu ödəniş bu adama aiddir. Bunun da uçotu aparılsın. Praktikada belə güzəştlər dövlətin hesabına edilir. Heç bir halda bunu sərnişindaşıma sahəsində operatorların üzərinə qoymaq olmaz”.

Ekspertin sözlərinə görə, bu qaydanın tətbiqi sistemli işləri təmin etməklə mümkündür. Ölkədə hazırda metro və şəhərdaxili avtobuslarda çağırış üzrə xidmət edən hərbi qulluqçular və xidməti vəzifələrin icrası vaxtı polis əməkdaşları üçün gedişhaqqı pulsuzdur. Amma bu siyahını genişləndirmək heç də pis olmaz.

“Dünyada müxtəlif yanaşmalar var. Bir qayda olaraq o insanlardır ki, onların büdcəsində nəqliyyat xərcləri ədəmiyyətli dərəcədə təsir göstərə bilər və bu adamlar da ictimai nəqliyyatdan istifadə etməlidirlər. Məktəblilər, tələbələr, pensiyaçılar və yaxud da hansısa bir xidmətlərinə görə başqalarından fərqlənmiş insanlar ola bilər. Bunu dövlət qarşılamalıdır. Amma, dövlət qarşılaması üçün aydın uçot mexanizmi olmalıdır, maaliyyələşmə mexanizmi olmalıdır, hər şey dəqiq olmalıdır”.

Digər xəbərlər