Şəxsi məlumatları kiberdələduzlardan necə qorumalı?

Son dövrlərdə kiberdələduzluq qurbanlarının sayı əhəmiyyətli dərəcədə artıb. Vətəndaşlar müxtəlif yollarla kiberdələduzların tələsinə düşürlər. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, aprelin 7-dən 13-dək (1 həftə ərzində) ümumilikdə 284 min 528 manat və 595 dollar pul vətəndaşların kartlarından oğurlanıb.
Bəs şəxsi məlumatları necə qoruya bilərik?
Məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) sədri, İT üzrə mütəxəssis Elvin Abbasov Operativ Media-ya açıqlama verib.

O bildirib ki, hazırda Azərbaycanda baş verən kiberdələduzluqlar bir daha sübut edir ki, ölkəmizdə rəqəmsal savadlılıq səviyyəsi olduqca aşağıdır: “Bu kiberdələduzluqların əsasən primitiv üsullarla həyata keçirilməsi ilə açıq şəkildə görünür. Təəssüf ki, vətəndaşlar bu dələduzluqlarda bilavasitə iştirakçı olurlar. Fərdi və bank kartı məlumatlarını, eləcə də OTP (birdəfəlik şifrə) kodlarını dələduzlara özləri təqdim edirlər.
Bu cür hallarda əsasən sosial mühəndislik üsullarından istifadə olunur. Müxtəlif qurumların, bankların, dövlət orqanlarının, mobil operatorların və ya korporativ şirkətlərin adından vətəndaşlara zəng olunur və ya mesajlar göndərilir. Onlara cəlbedici təkliflər edilir, əziyyətsiz qazanc vəd edilir və vətəndaşlar bu yalanlara inanaraq öz məlumatlarını təqdim edirlər.
Bəzən isə insanlar sadəcə olaraq telefonlarına zərərli proqramlar yüklədiklərinə görə şəxsi məlumatlarını qarşı tərəfə ifşa edirlər.
Burada çox vacib bir məsələni anlamalıyıq. Bizi kiberdələduzluqdan qoruyacaq heç bir 100% etibarlı proqram və ya mobil tətbiq yoxdur. Yeganə çıxış yolu rəqəmsal savadlılığımızı artırmaqdır.
Əgər biz dələduzlara öz şəxsi məlumatlarımızı təqdim etməsək onların heç bir şansı olmayacaq. Əksər hallarda vətəndaşlar bank kartı məlumatlarını və SMS ilə gələn OTP kodlarını özləri təqdim edirlər. Halbuki bu məlumatlar dələduzun işini asanlaşdırır və nəticədə vəsaitlər oğurlanır.
Burada əsas iki vacib məqam var:
İlk olaraq bank və dövlət qurumu əməkdaşları heç vaxt və heç bir halda sizin fərdi məlumatlarınızı, xüsusilə də FIN kod, CVV kod, kart nömrəsi və OTP şifrəsini sizdən istəmirlər. Çünki bu məlumatlar onlarda onsuz da mövcuddur.
Əgər kimsə zəng edib şəxsiyyət vəsiqəsinin tam məlumatlarını və ya digər şəxsi məlumatları tələb edirsə, bu birbaşa dələduzluq cəhdidir. Rəsmi qurumlar sizə zəng etdikdə yalnız təsdiq məqsədilə müəyyən rəqəmlər və ya məlumat hissələri üzrə sual verə bilər. Lakin tam məlumatı sizdən tələb etməzlər. Əgər bu sadə qaydalara əməl edilsə heç bir kiberdələduz bizə zərər verə bilməz”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, vətəndaşların etibarından sui-istifadə etməklə onların şəxsi məlumatlarını və maliyyə vəsaitlərini ələ keçirən şəxslər barəsində polisə müraciətlər daxil olur: "Edilən müraciətlər əsasında araşdırma aparılaraq polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir.

Vətəndaşların şəxsi və bank kartı məlumatlarını, yəni kartın üzərindəki 16 rəqəmli kodu, CVV, 3D təhlükəsizlik kodu və kartın bitmə tarixini tanımadıqları şəxslərə verməsi saniyələr içində kartdakı maddi vəsaitin oğurlanmasına və onların kiberdələduzların qurbanına çevrilməsinə gətirib çıxarır. Bir daha vətəndaşlara naməlum nömrələrdən gələn zənglərə qarşı diqqətli olmağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik".
Xatırladaq ki, bir müddət əvvəl AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib.
Gülcahan Məmmədova