"İlk növbədə qeyd edim ki, hər bir halda sürücü sərnişinlərin təhlükəsizliyinə cavabdehdir. Nəzərə almaq lazımdır ki, belə formada sərnişinlərin daşınması qadağandır və öz növbəsində inzibati məsuliyyət yaradır".
Bunu Operativ Media-ya açıqlamasında Bakı Şəhər DYP İdarəsinin təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib:
"Sərnişin öz həyatını təhlükəyə atmaqla yanaşı digər nəqliyyat vasitələrinin sürücüləri üçün qəza riski yaradır. Bildirim ki, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində Azərbaycan Respublikasının xətalar məcəlləsinin 327.2-ci maddəsinə əsasən sərnişindaşıma qaydalarını pozduğu üçün 3 cərimə balı və 100 manat məbləğində cərimə tətbiq edilir. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahişimiz və eyni zamanda tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər, sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığlarını təhlükə altına atmasınlar".
***
10:40
"Hazırda Binəqədi qəsəbəsində kommunikasiya xətlərinin çəkilməsi bu ərazidə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib".
Operativ Media xəbər verir ki, bunu 41 saylı marşrut xəttinin nümayəndəsi Afis Mikayılov bildirib:
"Bu da 41 və 45 saylı müntəzəm marşrut xətlərinin fəaliyyətinə mənfi təsir göstərərək interval pozulmalarına səbəb olur. Nəticədə bəzi hallarda sərnişin sıxlığı müşahidə edilir. Bununla yanaşı, yolların vəziyyəti avtobuslarda texniki nasazlıqların yaranmasına və qəzalara gətirib çıxarır. Bütün bunlar marşrut xəttinin dövriliyinə, sərnişinlərin daşınmasına mənfi təsir göstərir. Bununla yanaşı bəzi sərnişinlər avtobusda yer olmadığı halda qapıların giriş hissəsindən yapışaraq gedirlər və sürücüləin xəbərdarlığına baxmayaraq bu hərəkətrinə davam edilər. Yayılmış görüntüyə gəlincə, avtobusun sürücüsü müəyyən edilərək, tərəfimizdən tədbir görüləcək".
***
09:11
Bakı şəhərinin Binəqədi rayonu ərazisində sərnişindaşıma xidməti göstərən "İsuzu" markalı 41 saylı marşrut avtobusunda yenidən təhlükəli bir vəziyyət qeydə alınıb.
Operativ Media-nın xəbərinə görə, görüntülərdə sərnişinlərdən birinin hərəkətdə olan avtobusun qapısından asılı vəziyyətdə dayandığı əks olunub.
Qeyd edək ki, bu 41 nömrəli marşrutla bağlı qeydə alınan ilk belə hadisə deyil. Qısa müddət əvvəl eyni marşrut xəttində daha bir oxşar hal yaşanmışdı. Həmin hadisədə də sərnişinlərdən biri avtobusun qapısından asılı vəziyyətdə təhlükəli şəkildə hərəkət etmişdi.