“Üstünlük bəlkə də rəqib tərəfdədir, amma yaxşı nəticə ilə qayıtmağa çalışacağıq”
Operativ Media xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov komandasının növbəti avrokubok qarşılaşması öncəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Təcrübəli mütəxəssis qarşıdakı oyunun çətin keçəcəyini bildirib:
“Üstünlük bəlkə də rəqib tərəfdədir. Çünki həm öz meydanlarında oynayırlar, həm də bu oyuna çox ciddi şəkildə hazırlaşacaqlar — çünki hələlik xalları yoxdur. Amma hər halda biz yenə də çalışacağıq ki, sona qədər bu komandaya qarşı maksimum dözümlü olaq.”
Qurbanov rəqibin oyun üslubundan da danışıb:
“Onların son oyunlarına baxmışam — oyunun dinamikası çox yüksək olur və çox sürətlə hücumlara çıxırlar. Bəlkə də topu rəqibin cərimə meydançasına ən tez çatdıran komandalarından biridir.”
Baş məşqçi sonda oyunun hər iki tərəf üçün böyük əhəmiyyət daşıdığını qeyd edib:
“Bu, həm bizim, həm də rəqib üçün vacib oyundur. Çalışacağıq ki, ən yaxşısını, ən doğrusunu edək və yaxşı nəticə ilə qayıdaq.”