Son dövrlərdə Azərbaycanda yeni və narahatedici bir sosial trend müşahidə olunur. Bəzi şəxslər inzibati qayda pozuntularına görə aldıqları cərimələri sosial şəbəkələrdə fəxrlə paylaşırlar. Bu cür davranış təkcə fərdi məsuliyyətsizlik deyil, həm də ictimai şüurun deformasiyasının göstəricisi kimi qiymətləndirilir.
Psixoterapevt Rövşən Nəcəfov Operativ Media-ya bildirib ki, bu davranışların kökündə emosional qeyri-yetkinlik və şəxsiyyətin yanlış formalaşması dayanır.
Onun sözlərinə görə, ictimai qadağaları pozmaq gənclər arasında bəzən cəsarət və fərqlilik simvolu kimi qəbul olunur:
“Təhlükəli avtomobil idarə etmək, ictimai qadağaları pozmaq gənclər üçün ‘mən fərqliyəm’ mesajını verməyin yolu kimi görünür. Bu, sağlam formalaşmamış şəxsiyyət göstəricisidir. Yetkin insan etdiyi əməlin məsuliyyətini dərk edir və ondan utanır. Lakin emosional baxımdan natamam fərdlər bu davranışları oyun və şouya çevirirlər.”
Rövşən Nəcəfov əlavə edir ki, bu cür davranışlar çox zaman dəyər boşluğunun nəticəsidir:
“Əgər bir insanın həyatda məqsədi, ideyası yoxdursa, o, mənfi davranışlarla diqqət çəkməyə çalışır. Bu əslində bir növ səssiz kömək çağırışıdır – ‘məni görün’ mesajıdır.”
Onun fikrincə, cəmiyyət olaraq bu tendensiyanın qarşısını maarifləndirmə ilə almaq mümkündür. Gənclərə fərqlilik və hörmətin cəmiyyətə fayda vermək, yaradıcı və məhsuldar olmaqla əldə edilə biləcəyi göstərilməlidir. Pozitiv nümunələrin təbliği zərərli tendensiyaları zəiflədə bilər.
Sosioloq Mail Yaqub isə bildirib ki, bu fenomenin kökündə sosial status və maddi imkanların nümayiş etdirilməsi meyili dayanır:
“Cərimələri ictimailəşdirən bəzi insanlar bununla sanki demək istəyirlər ki, ‘bu məbləğ mənim üçün kiçikdir’. Burada maddi imkanların nümayişi, fərqlənmək arzusu və ‘mən qanundan üstünəm’ düşüncəsi müşahidə olunur.”
Sosioloq qeyd edir ki, bu davranış əslində etik normaların pozulmasıdır:
“Bu, artıq qanuna hörmətsizlikdir, onu lağa qoymaqdır. Belə hallar cəmiyyətin normativ-əxlaqi çərçivələrdən uzaqlaşmasına səbəb olur. Problemin kökü də məhz buradadır – insanın özünü cəmiyyətə təqdim etmə tərzində.”
Məsələnin hüquqi tərəfinə gəldikdə isə hüquqşünas Babək Umudov bildirir ki, cərimə ilə bağlı paylaşımın sosial şəbəkədə ictimailəşdirilməsi özü-özlüyündə əlavə hüquqi məsuliyyət yaratmır:
“Əgər şəxs artıq törətdiyi inzibati xəta üzrə məsuliyyətə cəlb edilibsə, bunu paylaşması əlavə məsuliyyətə səbəb olmur. Lakin paylaşımda həmin əməllərin başqaları tərəfindən də törədilməsinə təşviq və ya təhrik olunduğu təqdirdə məsuliyyət məsələsi ortaya çıxa bilər.”
Hüquqşünas əlavə edir ki, bu hallarda paylaşımın məzmunu diqqətlə araşdırılmalıdır. Əgər şəxs başqalarını qanun pozuntusuna açıq və birbaşa şəkildə çağırırsa, bu müəyyən hallarda cinayət və ya inzibati məsuliyyətə səbəb ola bilər:
“Məsələn Cinayət Məcəlləsinin 281-ci maddəsi dövlət əleyhinə açıq çağırışları, 220-ci maddə isə kütləvi iğtişaşlara çağırışları cəzalandırır. Digər tərəfdən İXM-in 224 və 274-1-ci maddələri dopinq və heyvanlara qarşı qəddarlığın təbliğini qadağan edir. Belə çağırışların nəticəsində baş verən qanun pozuntuları hüquqi məsuliyyət yarada bilər.”
O, qeyd edib ki, bəzi hallar isə "xırda xuliqanlıq" kimi qiymətləndirilə və müvafiq inzibati tədbirlərə səbəb ola bilər. Bu isə sosial şəbəkələrdə ictimai qaydanı pozmağa yönələn davranışları da əhatə edə bilər.
Sonda qeyd edək ki, Azərbaycanda "cərimə sindromu"nun yayılması sosial medianın gücü, gənclərin özünüifadə ehtiyacı, dəyər boşluğu və bəzi hallarda maddi status nümayişi ilə sıx əlaqəlidir. Psixoloji, sosioloji və hüquqi müstəvilərdə bu fenomenin kompleks təhlili göstərir ki, problemin həlli təkcə inzibati cəza ilə mümkün deyil.
Cəmiyyət olaraq bu tendensiyanın qarşısını almaq üçün:
-
Gənclərin sağlam şəxsiyyət formalaşdırmasına dəstək verilməli,
-
Sosial mediada müsbət nümunələr təşviq olunmalı,
-
Etik və əxlaqi dəyərlər gücləndirilməli,
-
Maarifləndirmə tədbirləri genişləndirilməlidir.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti üzrə hazırlanıb.