Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov CAMCA Network Platformasının “CAMCA Talking Mazgazine” jurnalına müsahibə verib. CAMCA Network - Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan regionda liderlik, iqtisadi inkişaf və innovasiyanın təşviqi məqsədilə təsis olunmuş beynəlxalq platformadır.
Operativ Media xəbər verir ki, Fariz Cəfərov müsahibəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin missiyasının iqtisadiyyatda rəqəmsal və yaşıl keçidin sürətləndirilməsi, sənayenin rəqabət qabiliyyətinin artırılması və rəqabətli insan kapitalının formalaşdırılmasına töhfə vermək olduğunu bildirib. Bu məqsədlə Mərkəzin dövlət qurumları, özəl sektor, akademik çevrələr və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Dünya İqtisadi Forumunun 4Sİ Şəbəkəsinin üzvü kimi 4SİM həm də məsuliyyətli texnologiya idarəçiliyi sahəsində qlobal müzakirələrdə fəal iştirak edir və birgə layihələr icra edir.
Müsahibədə 4SİM tərəfindən “Sənaye 4.0 Hazırlıq” Proqramının icrasına başlanıldığı bildirilir. Bu proqram bizneslərin, xüsusilə istehsal müəssisələrinin, texnoloji yetkinlik səviyyəsini qiymətləndirir və avtomatlaşdırma, süni intellekt və məlumat analitikası kimi texnologiyalara keçid üçün fərdi yol xəritələri təqdim edir. Yol xəritəsinin icrası üçün proqram bizneslərə aşağı faizli kreditlər və ekspertiza dəstəyini də nəzərdə tutur.
Bununla yanaşı o bildirib ki, rəqəmsal transformasiya dövründə insan kapitalının inkişafı Azərbaycanın texnoloji inkişaf strategiyasının mərkəzində dayanır. “Ən uğurlu təşəbbüslərdən biri “Coursera” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Milli Proqram”dır. Cari ilin 1 aprel tarixindən bu günədək 37,500-dən çox vətəndaş bu proqramdan yararlanıb, Proqram çərçivəsində 12,000-dən çox kurs vətəndaşlara ödənişsiz təqdim olunur”.
4SİM həmçinin tərəfdaş olduğu “Baku ID” və “InMerge İnnovasiya Sammiti” kimi tədbirlər vasitəsilə innovasiya ekosistemini gücləndirir,qlobal ekspertlər və investorlar arasında əməkdaşlıq yaradır.
Fariz Cəfərov Azərbaycanda həm vətəndaşlar, həm də bizneslər üçün faydalı və praktik bir sıra rəqəmsal yeniliklərin həyata keçirildiyini bildirib. Ən uğurlu nümunələrdən biri kimi 300-dən çox dövlət xidmətini vətəndaşlara şəffaf, sürətli və rahat şəkildə təqdim etməklə dövlət–vətəndaş münasibətlərində inqilab yaradan “ASAN Xidmət” sistemini və “myGov” - rəqəmsal hökumət platformasının fəaliyyətini qeyd edib.
Azərbaycanın CAMCA regionu ölkələri ilə əməkdaşlıq imkanlarına toxunaraq F. Cəfərov dünyada bir nümunəyə çevrilmiş ölkəmizin rəqəmsal idarəçilik təcrübəsini artıq region ölkələri ilə də bölüşdüyünü bildirib. Vurğulanıb ki, CAMCA regionunda oxşar çağırışlarla üzləşən ölkələr üçün əməkdaşlıq rəqəmsal bacarıqların inkişafı, süni intellekt və sənaye 4.0 üzrə ortaq pilot layihələr və sərhədlərarası innovasiya laboratoriyalarının yaradılması ilə başlaya bilər. Bu addımlar regional rəqəmsal inkişaf hekayəsini formalaşdıracaq.
Müsahibənin sonunda Fariz Cəfərov rəqəmsal innovasiyanın əsas məqsədini belə ifadə edib: “Rəqəmsal transformasiyanın uğuru insanların rifahında ölçülür. Bizim vizyonumuz texnologiyanın hər kəs üçün daha ədalətli, şəffaf və dayanıqlı gələcək yaratmasıdır. Texnologiya yalnız vasitədir - əsas olan dəyişiklik mədəniyyətidir.”
Şəkil Qalereyası







