BMT Təhlükəsizlik Şurasında mövcud ədalətsiz qərar qəbuletmə sistemi qlobal problemlərin həllinə mane olur.
Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TRT World Forum"da çıxışı zamanı deyib.
“Yaşadığımız hər gün daha ədalətli, daha əhatəli və daha davamlı qlobal sistemin qurulmasının zəruriliyini göstərir. Müharibələr, münaqişələr, bərabərsizliklər və ədalətsizliklər demək olar ki, bütün bəşəriyyətin gündəmini zəbt edib. İkinci Dünya Müharibəsinin qalibləri tərəfindən yaradılan mövcud sistem, təəssüf ki, dövrümüzün reallıqlarına və tələblərinə cavab vermir, bəşəriyyətin problemlərinə həll yolları tapa bilmir”, – Ərdoğan bildirib.
O, qeyd edib ki, “çox vaxt həm problemlər, həm də onların həlli yolları göz önündə olsa da, dünyanın bir çox bölgəsində günahsız insanlar hələ də həyatını itirir”.
“Bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün mərhəmətinə buraxmaq olmaz. Elə buna görə də biz deyirik ki, dünya beşdən böyükdür”, – Ərdoğan vurğulayıb.






