Kartdan karta pul köçürmələri vergiyə cəlb olunurmu? – Açıqlama

Bir vətəndaşın digər vətəndaşa şəxsi, yəni qeyri-sahibkar bank kartından pul köçürməsi vergi öhdəliyi yaradırmı?
Mövzu ilə bağlı Operativ Media-ya hüquqşünas Əkrəm Həsənov danışıb.
Onun sözlərinə görə, bu cür köçürmələr adətən ailə üzvlərinə və ya tanışlara edilən maddi kömək, borcun qaytarılması, gündəlik xərclərin ödənilməsi kimi məqsədlərlə həyata keçirilir və belə hallarda, ümumiyyətlə, gəlir vergisi tutulmur.
Lakin hüquqşünas istisna hallara da diqqət çəkib. Bildirib ki, əgər köçürülən vəsait hədiyyə və ya maddi yardım xarakteri daşıyırsa və pulu alan şəxs göndərənlə ailə üzvü və ya yaxın qohum deyilsə, həmin şəxs il ərzində 1 000 manatdan artıq məbləğ aldığı halda bu vəsaitdən 14 faiz gəlir vergisi ödəməlidir. Bunun əsas səbəbi vergi orqanları üçün köçürülən vəsaitin mahiyyətini – borcun qaytarılması, şəxsi kömək və ya hədiyyə olduğunu dəqiq müəyyənləşdirməyin çətin olmasıdır.
Əkrəm Həsənov qeyd edib ki, əgər qohum olmayan şəxs tərəfindən 1 000 manatdan artıq vəsait köçürülərsə, vergi orqanları bunu gəlir kimi qiymətləndirə və vergi tələb edə bilər. Halbuki vəsaiti göndərən tərəf bunun borcun qaytarılması olduğunu iddia etsə belə, bu halın hüquqi baxımdan sübutu çətinlik yaradır. Məhz bu səbəbdən əvvəlki dövrlərdə bu tip hallara daha yumşaq yanaşılırdı.
Hüquqşünasın sözlərinə görə, son dövrlər vergi orqanlarının yanaşması dəyişib. Artıq sahibkarların şəxsi bank kartlarına daxil olan vəsaitlər avtomatik olaraq sahibkarlıq fəaliyyəti ilə əlaqələndirilir. Halbuki hüquqi baxımdan bu vəsaitin məhz sahibkarlıq fəaliyyətindən əldə edildiyini sübut etmək vergi orqanlarının öhdəliyindədir.
Sahibkarlar isə bildirirlər ki, həmin vəsaitlər dostlardan və tanışlardan alınan borcun qaytarılması və ya şəxsi maddi kömək xarakteri daşıyır. Buna baxmayaraq, son vaxtlar vergi orqanları bu yanaşmanı praktikada tətbiq etməyə başlayıblar ki, bu da cəmiyyətdə narazılıq doğurur.
Əkrəm Həsənov əlavə edib ki, cari ilin dövlət büdcəsi baxımından çətin il olması fonunda vergi orqanları büdcə daxilolmalarını artırmaq üçün müxtəlif mexanizmlərə əl atırlar. Bu prosesdə təxminən 70 min vətəndaşın bu cür yoxlamalarla üzləşdiyi bildirilir.
Hüquqşünas sonda qeyd edib ki, bəzi hallarda kartlara daxil olan vəsaitlərin həqiqətən də sahibkarlıq fəaliyyəti ilə bağlı olması istisna edilmir. Lakin əsas problem ondan ibarətdir ki, nə sahibkar bunu dəqiq sübut edə bilir, nə də vergi orqanları vəsaitin sahibkarlıq gəliri olduğunu hüquqi əsaslarla ortaya qoya bilir.
