Menyu

Banklara əmanət qoymaq nə qədər sərfəlidir?

Ayşən Sadıxzadə
Banklara əmanət qoymaq nə qədər sərfəlidir?

“Banklara əmanət qoymaq dedikdə, hazırda qanunvericiliyə əsasən sığortalanan əmanətlər nəzərdə tutulur. Bir nəfərin bir bankda 100 min manata qədər yerləşdirdiyi əmanət illik 12 faizə qədər sığorta ilə təmin olunur. Xarici valyutada isə bu göstərici 2,5 faizdir. Hər iki halda sığortalanan məbləğ 100 min manat ekvivalentini təşkil edir”.

Bu sözləri Operativ Media-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, beləliklə, milli valyutada illik 12 faizə qədər gəlir əldə etmək mümkündür, xarici valyutada isə bu göstərici 2,5 faiz civarındadır:

“Təbii ki, sığortalanan əmanətlər baxımından milli valyutada yerləşdirilən vəsait daha sərfəlidir. Müqayisə apardıqda, milli valyutada faiz gəlirinin xarici valyuta ilə müqayisədə təxminən 5 dəfə, hətta daha çox olduğu görünür.

Bəzi banklarda xarici valyutada sığortalanmayan əmanətlər üzrə 4–5 faiz gəlir təklif oluna bilər. Lakin bu halda nəzərə almaq lazımdır ki, bankın fəaliyyətini dayandırması vəziyyətində həmin vəsaitin geri qaytarılması təmin edilmir. Yəni sığortası olmayan əmanətlər risk daşıyır.

Ümumilikdə isə milli valyutada əmanət yerləşdirmək daha sərfəli hesab olunur. Bu halda əsas risk devalvasiya ilə bağlıdır və bir çox insan bundan ehtiyat edir. Lakin devalvasiya baş verdiyi təqdirdə belə, yüksək faiz gəliri müəyyən qədər bu itkini kompensasiya edə bilir. Üstəlik, yaxın perspektivdə devalvasiya riski yüksək qiymətləndirilmir.

Avropa ölkələri ilə müqayisə etdikdə, illik 12 faizlə sığortalanan əmanət kifayət qədər cəlbedici görünür. Ümumilikdə, Azərbaycanda əmanət yerləşdirmək hazırkı şəraitdə gəlirli hesab edilə bilər”.

İqtisadçı və bank məsələləri üzrə ekspert Asif İbrahimov isə qeyd edib ki, bu gün Azərbaycan bank sektorunda depozit məhsulları əhalinin likvid və risksiz gəlir əldə etməsi baxımından hələ də mühüm investisiya vasitəsidir:

“Son statistik göstəricilərə görə, ölkədə bankların milli valyutada yerləşdirilən müddətli əmanətlər üzrə illik ortalama faiz dərəcəsi təxminən 9.0 – 9.5 % səviyyəsindədir və bu göstərici son dövrlərdə artan tendensiya göstərir.

Bəzi kommersiya banklarında isə hətta illik faiz dərəcələri 11 – 12 % civarına qədər yüksəlir ki, bu da bazarda rəqabətin gücləndiyini göstərir. Belə yüksək depozit gəlirliliyi xüsusilə uzunmüddətli əmanətlər üçün daha cəlbedicidir.

Hazırkı iqtisadi şəraitdə orta illik inflyasiya proqnozları təxminən 5 – 6 % səviyyəsindədir və Mərkəzi Bank bu istiqamətdə qiymət sabitliyini qorumağa və inflyasiyanı hədəf diapazon (təqribən 4 ± 2 %) daxilində saxlamağa çalışır.Amma piştaxtalarda real inflyasiya başqa rəqəmləri göstərir.

Banklara əmanət yerləşdirərkən nəzərə almaq lazımdır ki, əmanət faizi inflyasiya səviyyəsindən yüksəkdir ya yox.Bu halda real gəlir əldə etmək mümkündür. Yəni faiz gəliri inflyasiyanın manata dəyər itirmə sürətini kompensasiya edə bilər.

Banklarda milli valyutada təklif olunan faizlər inflyasiyanın proqnozlaşdırılan səviyyəsindən yüksək olduğundan, bir çox mütəxəssislər manatla əmanətlərin real gəlir gətirə biləcəyini hesab edirlər.

Eyni zamanda, azinasiya (inflyasiya) proqnozları stabil olsa da, inflyasiyanın faktiki səviyyəsi və gələcək dinamikası diqqətlə izlənməlidir.

Qısaca desək, mövcud iqtisadi şəraitdə bank əmanətləri, xüsusən də milli valyutada yerləşdirilən müddətli depozitlər, əmanətçilər üçün qəbul edilə bilən real gəlir mənbəyi olaraq qalır. Bu, xüsusilə risksiz və sabit gəlir axtaran vəsait sahibləri üçün əhəmiyyətlidir. Amma, əmanət faizləri ilə inflyasiya arasında balansı nəzərə almaq vacibdir ki, gəlir əldə olunarkən pulun alıcılıq qabiliyyəti qorunub saxlanılsın”.

Əlaqəli Xəbərlər