Allergik astma nədir və necə müalicə olunur? - Həkim məsləhəti
“Astma xəstəliyi tənəffüs yollarının xroniki xəstəliklərindən biridir. “Xroniki” anlayışı xəstəliyin uzunmüddətli xarakter daşıdığını, yəni müalicə olunsa belə tamamilə orqanizmdən yox olmadığını ifadə edir. Astma infeksion xəstəlik deyil və ilboyu davam edən iltihabi proseslə xarakterizə olunur”.
Bu sözləri Operativ Media-ya açıqlamasında pulmonoloq Əsəd Beydullayev deyib.
O bildirib ki, cəmiyyətdə astma xəstəliyinə qarşı ciddi qorxu mövcuddur:
“Bunun əsas səbəbi insanların daha çox müalicə olunmamış, nəzarətsiz və illərlə ağırlaşmış astma hallarını görməsidir. Bu səbəbdən “astma” sözü bir çox insan üçün panika yaradır və bəzən vərəm kimi yoluxucu xəstəliklərlə eyniləşdirilir. Halbuki, astma nə yoluxucudur, nə də utanılacaq bir xəstəlikdir.
Astma nədir?
Astma zamanı tənəffüs yollarına düşən toz, polen və ya digər yad maddələr bronxları qıcıqlandırır. Nəticədə tənəffüs yolları daralır, selikli qişa şişir, selik ifrazı artır və havanın ağciyərlərə keçməsi çətinləşir. Bu proses astmaya xas klinik əlamətlərin yaranmasına səbəb olur.
Astmanın əsas simptomları sinədə sıxılma hissi, fitverici xırıltılar, döş qəfəsində xışıltı, xüsusilə gecə və səhər saatlarında artan nəfəs darlığıdır.
Bəzi xəstələr bunu “sanki sinənin üstündə bir pişik yatıb mırıldayırmış kimi” təsvir edirlər ki, bu da astmaya çox xarakterikdir.
Statistikaya görə, dünyada 150 milyondan artıq insan astma xəstəliyindən əziyyət çəkir və xəstəlik qadınlarda nisbətən daha çox rast gəlinir.
Astma nəzarət altına alına bilən xəstəlikdir.
Necə ki, hipertoniya və ya şəkərli diabet xroniki nəzarət tələb edir, astma da eyni yanaşma tələb edən bir xəstəlikdir. Əgər astma mövsümi deyil və ilboyu davam edirsə, xəstə davamlı müalicə almalıdır. Müasir dərman preparatları yüksək effektlidir və orqanizmə minimal zərər verir. Düzgün müalicə fonunda xəstə normal, aktiv və komfortlu həyat sürə bilər.
Hormonal dəyişikliklərin baş verdiyi dövrlərdə (yeniyetməlik, hamiləlik, klimaks zamanı) allergik astma əlamətləri artıb-azala bilər. Bu dəyişiklikləri öncədən dəqiq proqnozlaşdırmaq çətindir.
Kimlər mütləq həkimə müraciət etməlidir?
Sinədə sıxılma, xırıltı, gecələr və səhər saatlarında artan nəfəs darlığı hiss edən şəxslər mütləq olaraq həkimə müraciət etməli və spirometriya (tənəffüs testi) müayinəsindən keçməlidirlər. Diaqnoz təsdiqləndikdən sonra uyğun müalicə təyin edilməli və mütəmadi nəzarət aparılmalıdır.
