Bakıda metro xətlərinin ayrılması niyə vacibdir? - ARAŞDIRMA
Ayşən Sadıxzadə
Bakı şəhərində metro sistemi uzun illərdir əsasən vahid xətt prinsipi üzərində formalaşaraq şəhərin əsas nəqliyyat yükünü daşıyan ən vacib ictimai nəqliyyat vasitələrindən biri kimi fəaliyyət göstərir. Lakin son illərdə əhalinin sayının artması, şəhərin ərazi baxımından genişlənməsi və gündəlik hərəkət intensivliyinin yüksəlməsi mövcud metro şəbəkəsinin daha da inkişaf etdirilməsini zəruri edir.
Dünyanın bir çox böyük şəhərlərində əsas magistral xətlərlə yanaşı, şəhərin müxtəlif hissələrini bir-biri ilə birləşdirən daha qısa və lokal metro xətləri də fəaliyyət göstərir. Bu xətlər sərnişinlərin bir nöqtədən digərinə getmək üçün mütləq şəkildə şəhər mərkəzindən keçməsinin qarşısını alır və nəqliyyat axınının daha balanslı bölüşdürülməsinə kömək edir.
Bəs belə lokal metro xətlərinin Azərbaycanda, xüsusilə Bakıda tətbiqi nə dərəcədə səmərəli ola bilər? Bu cür layihələr şəhərin nəqliyyat yükünü azaltmağa və sərnişinlərin hərəkətini daha rahat etməyə kömək edə bilərmi?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Operativ Media-ya bildirib ki, Bakı metrosu əsasən sovet dövründə tikildiyi üçün həmin dövrün texniki standartları və tələbləri əsasında layihələndirilib.
Onun sözlərinə görə, həmin dövrdə Bakı şəhərinin gələcəkdə bu qədər sürətlə böyüyəcəyi, əhalinin sayının əhəmiyyətli dərəcədə artacağı və iqtisadiyyatın genişlənəcəyi tam şəkildə proqnozlaşdırılmamışdı. Bu səbəbdən hazırkı şəraitdə metropoliten sisteminin yenilənməsi və genişləndirilməsi artıq zəruri məsələyə çevrilib.
Ekspert qeyd edib ki, hazırda əsas məqsəd metro sərnişinlərinə daha keyfiyyətli, sürətli və fasiləsiz xidmət göstərməkdir. Bu istiqamətdə yeni depoların və stansiyaların tikintisi, eləcə də mövcud xətlərin modernləşdirilməsi üzrə işlər aparılır.
Eyni zamanda bəzi xətlərin bir-biri ilə kəsişməsi müəyyən texniki risklər yaradır. Buna görə də gələcək planlarda həmin xətlərin ayrılması və yeni marşrutların yaradılması nəzərdə tutulur.
Hazırda bu proses mərhələli şəkildə həyata keçirilir və perspektivdə yeni stansiyaların tikintisi, əlavə xətlərin salınması ilə Bakı metropoliteninin daha geniş və səmərəli nəqliyyat şəbəkəsinə çevrilməsi planlaşdırılır.
Tədqiqatçı Azər Axundov isə bildirib ki, Bakı metropoliteninin perspektiv inkişaf planlarına əsasən gələcəkdə şəbəkədə ümumilikdə 5 xəttin olması nəzərdə tutulur. Bu xətlər şəhərin müxtəlif istiqamətlərini bir-biri ilə daha effektiv şəkildə birləşdirəcək.
Onun sözlərinə görə, bu planlar dövlət proqramlarına mərhələli şəkildə daxil edilir və müəyyən illər üzrə icra olunur. Hazırda 2030-cu ilə qədər olan dövlət proqramına əsasən yaşıl xəttin və bənövşəyi xəttin davamının tikilməsi nəzərdə tutulur.
Azər Axundov qeyd edib ki, hazırda Bakı metrosunda faktiki olaraq iki xətt mövcuddur. Lakin bu xətlər bir neçə nöqtədə kəsişdiyi üçün praktiki olaraq bir xətt kimi istifadə olunur. Dövlət proqramında bu problemin də aradan qaldırılması, yəni xətlərin tam şəkildə ayrılması nəzərdə tutulub.
O bildirib ki, ümumilikdə metro xətləri əsasən insan axınının çox olduğu ərazilərə çəkilir. Bakıda isə şəhər hələ də əsasən təkmərkəzli struktur üzrə inkişaf etdiyi üçün səhər saatlarında insanların böyük hissəsi mərkəzə doğru, axşam isə mərkəzdən kənarlara doğru hərəkət edir.
Bu səbəbdən 2030-cu ilə qədər olan proqram mərkəzi stansiyalardakı sərnişin sıxlığının qismən azaldılmasını da hədəfləyir. Gələcəkdə yaşıl xəttin dairəvi xətt kimi formalaşdırılması ilə şəhərin bir çox hissəsinin metroya çıxışı təmin oluna bilər.
Araşdırmaçı əlavə edib ki, konseptual inkişaf sxemində nəzərdə tutulan planlar mərhələli şəkildə həyata keçirilir. Digər xətlərin tikintisi isə 2030-cu ilə qədər olan proqramın icrası başa çatdıqdan sonra gündəmə gələ bilər.
Onun fikrincə, şəhərətrafı ərazilərdə nəqliyyat problemini həll etmək üçün ən optimal variantlardan biri elektrik qatarlarının inkişaf etdirilməsidir. Bu məsələ də mövcud dövlət proqramlarında nəzərdə tutulub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakıda metro şəbəkəsinin inkişafı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə təsdiq edilmiş "Bakı Metropoliteni xətlərinin Konseptual İnkişaf Sxemi" əsasında həyata keçirilir.
Qurumdan qeyd olunub ki, bu yanaşma yalnız yeni stansiyaların tikintisini deyil, həm də şəbəkədaxili əlaqələrin gücləndirilməsini və sərnişin axınlarının daha balanslı şəkildə paylanmasını nəzərdə tutur.
Məsələn, yaşıl xəttin mərhələli inkişafı qırmızı və yaşıl xətlər arasında alternativ hərəkət imkanlarının formalaşmasına şərait yaradacaq. Bu isə bəzi istiqamətlər üzrə sərnişinlərin mərkəzi stansiyalardan keçmədən hərəkət etməsinə imkan verəcək.
Nəticədə sərnişin axınlarının daha balanslı paylanması, mərkəzi stansiyalardakı sıxlığın azalması və bəzi marşrutlar üzrə səfər vaxtının qısalması mümkün olacaq.
Təsdiq edilmiş uzunmüddətli konseptual inkişaf sxeminə görə gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi mövcud iki xəttin genişləndirilməsi və üç yeni xəttin inşası hesabına ümumilikdə 5 xətt və 76 stansiyadan ibarət olacaq.