Azərbaycanda ilaxır çərşənbə qeyd olunur
Bu gün ilaxır çərşənbədir – Novruz bayramı öncəsi qeyd olunan son və ən əlamətdar çərşənbə. Bu gün təbiətin tam oyanışını, köhnə ilin yola salınıb yeni ilin qarşılanmasını simvolizə edir. Xalq inanclarına görə, ilaxır çərşənbə arzuların tutulduğu, tonqalların qalandığı və bayram ab-havasının ən yüksək səviyyədə hiss olunduğu xüsusi gündür.
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı Operativ Media-ya bildirib ki, Novruz əsrlərdir Azərbaycan xalqının həyatında xüsusi yer tutan və təbitətin oyanınışını, həyatın yenilənməsini ifadə edən bayramdır:
“Bu bayram xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və əsrlərdən süzülüb gələn mədəni irsini yaşadan ən gözəl ənənələrdən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Novruzun gəlişi dörd ünsürü – su, od, yel və torpağı təcəssüm etdirən çərşənbələrlə müşayiət olunur. Bu çərşənbələrin hər biri təbiətin tədricən oyanmasını simvolizə etsə də, onların içərisində xalq arasında daha böyük coşqu ilə qeyd olunanı sonuncu – Torpaq çərşənbəsidir.
Bu çərşənbə yazın gəlişinə artıq sayılı günlərin qaldığını xəbər verir. Xalq inanclarına görə, məhz bu gün torpaq oyanır, təbiət canlanır və həyat yeni mərhələyə qədəm qoyur. Torpaq ünsürü qədim inanclara görə insan yaradılışının əsasını təşkil edən başlanğıc kimi qəbul edilir.
Bayrama daha yaxın olduğu üçün sonuncu çərşənbə insanlar tərəfindən xüsusi olaraq qeyd edilir. Bu çərşənbə xalq arasında “Torpaq çərşənbəsi”, “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və “Çərşənbə-suri” kimi adlarla da tanınır.
Türk mifoloji düşüncəsində torpaq bərəkətin, həyatın və davamlılığın rəmzi kimi qəbul edilmişdir. Bu baxımdan torpaq həm türk mifologiyasından, həm də xalqımızın formalaşdırdığı milli-mənəvi dəyərlərdən qaynaqlanaraq müqəddəs hesab olunur. İnsan torpaqdan yaranır, torpaqdan qidalanır və yenidən torpağa qovuşur. Məhz buna görə də torpağın oyanması yeni həyatın başlanğıcı kimi qəbul edilir.
İlaxır çərşənbə günü xalqımız qədimdən bəri yaşatdığı adət-ənənələri davam etdirir. Ev-eşiklər təmizlənir, həyətlərdə tonqallar qalayır, insanlar tonqalın üzərindən tullanaraq köhnə ilin ağırlıqlarından və uğursuzluqlarından qurtulduqlarına inanırlar. Bayram süfrələri açılır, ailə üzvləri bir araya gələrək Novruzun gəlişini sevinc və ümidlə qarşılayırlar. İlaxır çərşənbə həm də birlik və barışıq günüdür.
Beləliklə, İlaxır çərşənbə yalnız Novruz bayramına hazırlığın son mərhələsi deyil, həm də təbiətin dirçəlişini, torpağın oyanışını və həyatın yenilənməsini ifadə edən dərin mənalı bir mərasimdir. Bu gün xalqımızın qədim dünyagörüşünü, milli kimliyini və mənəvi dəyərlərini yaşadan ən gözəl ənənələrdən biri kimi öz əhəmiyyətini qoruyub saxlayır”.
“Bu gün həm folklorumuzda, həm də xalq inanclarında xüsusi yer tutur. Artıq dörd çərşənbə tamamlanır və təbiətin tam oyanışı başlayır. “İlaxır” sözünün özündən də göründüyü kimi, bu gün köhnə ilin sonunu, yeni ilin başlanğıcını simvolizə edir. Bu, dörd çərşənbənin sonuncusu və bayramın astanasıdır.
Bu çərşənbə bir çox bölgələrdə bayramın özündən belə daha möhtəşəm qeyd olunur. Səhər açılan andan insanlar bayram ab-havasını daha dərindən hiss etməyə başlayır. Kənd və rayon yerlərində həyətlərdə odun, çırpı toplanır, axşam tonqal qalamaq üçün yerlər hazırlanır. Kişilər bu işlərlə məşğul olur, qadınlar mətbəx işlərini görür, qız-gəlinlər isə süfrə bəzəyib evi səliqəyə salırlar.
Bu gün müxtəlif ayin və inanclar icra olunur. Uşaqların ən çox sevdiyi adətlərdən biri papaq atmaqdır. Onlar qonşuların qapısına papaq ataraq bayram payı toplayırlar. Digər maraqlı adət isə qapı pusmaqdır. Axşam düşəndə insanlar kiminsə qapısı arxasında dayanıb eşitdikləri ilk sözü öz niyyətlərinə yozurlar. Bu səbəbdən kənd yerlərində qapılar bağlanmaz, işıqlar söndürülməz – kiminsə arzusu var deyə ev sahibləri buna şərait yaradar.
Keçmişdə insanlar həyətə təmiz su atardılar ki, arzular çin olsun. Gənclər isə qapı-qapı gəzib saz və zurna sədaları altında bayram ovqatını artırar, həm də paylarını alardılar.
Tonqal bu çərşənbənin ən əsas simvollarındandır. İnsanlar tonqal ətrafına toplaşaraq arzularını dilə gətirirlər. Lopalar yandırılır və hər ailə üzvü üçün ayrıca lopa hazırlanır. Bu, xeyirin şər üzərində qələbəsini, ocağın istiliyini və ailə səadətini simvolizə edir.
Bir çox bölgədə bu gün bişirilən yeməklər süfrədən yığışdırılmır, yalnız çörək götürülür. İnanca görə, bu gün necə keçərsə, il də o cür davam edər. Süfrələrin bəzəyi olan səməni isə bolluq və bərəkət rəmzidir. Honçalar düzülür, evlər bayram ab-havasına bürünür.
Keçmişdə bu günlərdə at yarışları keçirilər, kəndirbazlar çıxış edər, saz və zurna sədaları ilə insanlar şənləndirilərdi. Bəzi bölgələrdə bu ənənələr bu gün də qismən yaşadılır.
İlaxır çərşənbədə fal adətləri də geniş yayılıb: qulaq falı, üzük falı, duzlu kökə yemək və s. Gənc qızlar müxtəlif niyyətlərlə fal açar, arzularının gerçəkləşib-gerçəkləşməyəcəyini öyrənməyə çalışarlar.
Bütün bunlar bu çərşənbənin nə qədər zəngin və mənalı olduğunu göstərir. Evlərdə sevinc, ümid və bayram əhval-ruhiyyəsi hökm sürür".

