Menyu

Deputat: Soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən böyük cinayətdir

Ayşən Sadıxzadə
Deputat: Soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən böyük cinayətdir

“Soyqırım, milli, etnik, irqi və ya dini bir qrupu tamamilə və ya qismən məhv etmək məqsədilə törədilən sistemli və kütləvi qətl, zorakılıq və repressiya aktlarıdır. Bu cinayət, beynəlxalq hüquqda ən ağır cinayətlərdən biri sayılır və insanlığa qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilir”. 

Bu sözləri Operativ Media-ya açıqlamasınsa deputat Azər Badamov deyib. 

O bildirib ki, soyqırımın əsas xüsusiyyətləri arasında insanların öldürülməsi, fiziki və ya zehni zərər verilməsi, yaşayış şəraitinin qəsdən pisləşdirilməsi, doğumun qarşısının alınması və müəyyən bir qrupu tamamilə məhv etmək niyyəti yer alır:

“Bu səbəbdən soyqırımlar həm hüquqi, həm də humanitar aspektdə ən ciddi cinayətlər sırasına daxildir.

Soyqırım anlayışını ilk dəfə elmi və hüquqi termin kimi formalaşdıran polyak-yəhudi hüquqşünası Rafael Lemkin olmuşdur. Onun ailəsi Holokosta məruz qalmış və bu faciə onun həyatına dərin təsir göstərmişdir. Lemkin uzun illər çalışaraq 1948-ci ildə BMT tərəfindən “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın qəbul olunmasına nail olmuşdur. Bu konvensiya ilə soyqırım beynəlxalq hüquq sistemində ayrıca cinayət kateqoriyası kimi tanınmışdır.

Dünya tarixində müxtəlif xalqlara və millətlərə qarşı soyqırımlar mütəmadi olaraq törədilmişdir. Lakin beynəlxalq səviyyədə tanınaraq təzminat ödənməsi ilə nəticələnmiş ən məşhur soyqırımı hadisəsi 1933–1945-ci illərdə Almaniyada yəhudilərin və digər qrupların sistemli şəkildə məhv edildiyi Holokost olmuşdur.

Bundan başqa, XX əsrin ikinci yarısında baş vermiş soyqırımlar arasında aşağıdakılar xüsusilə önəmli olmuşdur:

1975–1979 — Kamboca soyqırımı, milyonlarla insanın qətl edildiyi hadisələr;

1994 — Ruanda soyqırımı, qısa müddətdə yüz minlərlə insanın məhv edilməsi;

1995 — Srebrenitsa qətliamı, 8 mindən çox müsəlman kişinin sistemli şəkildə öldürülməsi.

Bu soyqırımların hər biri beynəlxalq hüquq və insan haqları baxımından ağır faciə hesab olunur.


Azərbaycan xalqı da XIX əsrin əvvəllərindən başlayaraq zaman-zaman ermənilər tərəfindən soyqırımlar, məcburi köçürmələr və etnik təmizləmələrə məruz qalmışdır. Belə ki:

1905 və 1918-ci illər - azərbaycanlılara qarşı kütləvi qırğınlar;

1920-ci il - Qərbi Zəngəzurun Ermənistana verilməsi;

1948–1953-cü və 1987-1991-ci illərdə illər - yüz minlərlə azərbaycanlının Qərbi Azərbaycandan zorla köçürülməsi.

Bu tədbirlər Ermənistanın “Böyük Ermənistan” ideyasının bir hissəsi olaraq həyata keçirilmişdir.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilmiş, 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz yurdlarından qovulmuşdur.

Uşaq, qadın və qoca demədən dinc əhaliyə qarşı törədilmiş bu qırğınlar zamanı minlərlə insan diri-diri yandırılmış, milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər mədəni irs nümunələri dağıdılmışdır.

Şamaxı qəzasında erməni daşnaklardan ibarət 6 min nəfərlik dəstə 86 kəndi darmadağın etmiş, 7 min nəfəri qətlə yetirmiş və 18 min nəfəri qaçqın düşməyə məcbur etmişdir.

Quba qırğınları zamanı isə 10 mindən çox silahlı dəstə( 4 mini erməni-daşnak olub ) 167 kəndi dağıtmış, 35 kəndi yandırmış, 26 məscidi məhv etmiş və 16 mindən çox insanı qətlə yetirmişdir. Bu hadisələr həm də yerli əhalinin qəhrəmanlıq müqavimətinə şahidlik etmişdir. Məsələn, “Qanlı dərə”də yerli qəhrəmanlar 5 minlik düşməni geri çəkilməyə məcbur etmişdir.

2007-ci ildə Qubada aparılan qazıntılar zamanı burada kütləvi məzarlıq aşkar edilmiş və 500-dən çox insanın işgəncə ilə qətlə yetirildiyi müəyyən olunmuşdur.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar XX əsrin sonunda da davam etmişdir. 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə insan qətlə yetirilmişdir.

26 fevral 1992-ci ildə Xocalıda baş verən faciə zamanı 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi isə naməlum qalmışdır. Bu hadisə hazırda ABŞ-ın 21-dən çox ştatı və 9 ölkə tərəfindən rəsmən soyqırımı kimi tanınmışdır.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərində tam suverenliyini bərpa etmişdir. 20 sentyabr 2023-cü ildə isə uzun illər separatçı erməni qruplarının yaratdığı təxribatlar aradan qaldırılmışdır.

31 mart hadisələrinə hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. 26 mart 1998-ci ildə imzalanmış fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan olunmuşdur.

2009-cu ildə Prezident İlham Əliyev Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması ilə bağlı sərəncam imzalamış, 2013-cü ildə isə kompleks istifadəyə verilmişdir. Hər il 31 mart tarixində insanlar buraya ziyarətə gələrək qurbanların xatirəsini yad edir və şəhidlərimizin ruhu qarşısında baş əyirlər.

Soyqırımlar acı olsa da, tariximizin bir parçasıdır. Biz bu faciələri unutmamalı, gələcək nəsillərə çatdırmalı və tarixdən ibrət götürərək gələcəyimizi daha güclü qurmalıyıq”.

Əlaqəli Xəbərlər