Menyu

Mənəvi zərərə görə təzminat necə hesablanır? - İZAH

Operativ Media
Mənəvi zərərə görə təzminat necə hesablanır? - İZAH

Müasir hüquq sistemində şəxsin yalnız maddi deyil, həm də qeyri-maddi hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan mənəvi zərər anlayışı xüsusi yer tutur.

Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Səma Əhmədova deyib. 

O bildirib ki, mənəvi zərər şəxsin keçirdiyi psixoloji sarsıntı, mənəvi iztirab və ya fiziki ağrı ilə bağlı yaranan qeyri-əmlak zərəridir. Bu cür zərər adətən şəxsin şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzunun zədələnməsi, şəxsi həyatına müdaxilə və ya əsassız ittihamlarla əlaqədar meydana çıxırx Digər sözlə, mənəvi zərər insanın daxili dünyasına təsir edən hüquq pozuntularının nəticəsidir:

“Azərbaycan qanunvericiliyində mənəvi zərərin ödənilməsi konkret normalarla tənzimlənsə də, bu sahədə əsas istiqamətləndirici sənədlərdən biri yeni qəbul olunmuş Ali Məhkəmənin Plenum qərarıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı (Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında) məhkəmələrə belə işlərə baxarkən vahid yanaşma tətbiq etməyi tövsiyə edir və qiymətləndirmə meyarlarını müəyyənləşdirir.

Belə ki, məhkəmələr mənəvi zərərin mövcudluğunu müəyyən edərkən hər bir iş üzrə fərdi halları araşdırır. Burada hüquq pozuntusunun baş verməsi, zərərçəkmişin mənəvi iztirab keçirməsi və bu iki hal arasında səbəbli əlaqənin olması əsas şərtlər kimi çıxış edir. Mənəvi zərərin sübutu maddi zərərə nisbətən daha mürəkkəbdir, çünki bu zərər konkret ölçülə bilən göstəricilərlə ifadə olunmur. Buna baxmayaraq, məhkəmələr şahid ifadələri, yazılı sənədlər, ekspert rəyləri və digər sübut vasitələrindən istifadə edirlər. Bəzi hallarda isə hüquq pozuntusunun xarakteri özü mənəvi zərərin baş verdiyini ehtimal etməyə əsas verir.

Mənəvi zərərin pul ifadəsində dəqiq hesablanma mexanizmi yoxdur. Bu səbəbdən məhkəmələr hər bir konkret iş üzrə ədalətli məbləğ müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə əsasən, təzminat məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır:

• hüquq pozuntusunun xarakteri və ağırlıq dərəcəsi;

• zərərçəkmişin keçirdiyi mənəvi iztirabın səviyyəsi;

• pozuntunun davametmə müddəti;

• təqsirkarın davranışı və təqsirin forması;

• tərəflərin maddi vəziyyəti və digər mühüm hallar.

Bu meyarlar əsasında məhkəmə həm zərərçəkmişin hüquqlarını bərpa etməyə, həm də ədalət prinsipini təmin etməyə çalışır.

Nəticə etibarilə, mənəvi zərər institutu şəxsin qeyri-maddi hüquqlarının müdafiəsində mühüm rol oynayır. Onun düzgün qiymətləndirilməsi və adekvat təzminatın müəyyən edilməsi məhkəmələrin peşəkar yanaşmasını tələb edir. Hüquqları pozulmuş şəxslər üçün isə əsas məsələ belə hallarda sübutları toplamaq və qanunvericiliyin verdiyi imkanlardan effektiv şəkildə istifadə etməkdir”.

Əlaqəli Xəbərlər