2030-cu ilə qədər metroda nələr dəyişəcək? – Yeni stansiyalar və planlar
Bakı metrosunda stansiyalar üzrə sərnişin sıxlığı mütəmadi şəkildə təhlil olunur və bu əsasda müəyyən reytinqlər formalaşdırılır. Bu təhlillərə görə, hazırda ən çox istifadə olunan stansiyalardan biri Koroğlu stansiyasıdır. Xüsusilə səhər saatlarında bu stansiyada ciddi sıxlıq müşahidə olunur.
Operativ Media xəbər verir ki, bu sözləri “Baku Tv” efirində "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, ən az istifadə olunan stansiyalar sırasında isə əsasən keçid xarakterli və ətrafı nisbətən az məskunlaşılmış ərazilərdə yerləşən stansiyalar yer alır. Məsələn Memar Əcəmi-2 və Avtovağzal stansiyaları bu baxımdan daha az sərnişin axınına malikdir. Bu həmin stansiyaların daha çox keçid funksiyası daşıması və ətraf ərazilərin sıx yaşayış zonası olmaması ilə bağlıdır:
“Eyni hal Dərnəgül stansiyası üçün də keçərlidir. Bu stansiya yerləşdiyi ərazinin həm sənaye, həm də qismən yaşayış zonası olması səbəbilə hələlik yüksək sərnişin axınına malik deyil. Lakin gələcəkdə həmin ərazidə planlaşdırılan tikinti və inkişaf layihələri, o cümlədən dəmir yolu dayanacağının istifadəyə verilməsi, bu stansiyanın əhəmiyyətini artıracaq.
Planlara əsasən, Ziya Bünyadov prospekti boyunca və Böyükşor gölü ətrafında yeni stansiyaların tikilməsi nəzərdə tutulur. Bu layihələr həyata keçirildikcə nəqliyyat yükü daha balanslı paylanacaq və xüsusilə Koroğlu kimi sıx stansiyaların yükü azalacaq.
Ümumiyyətlə, Bakı metropolitenində əsas məqsəd sərnişin axınının düzgün bölüşdürülməsi, nəqliyyat qovşaqlarının yaradılması və “park-and-ride” sisteminin tətbiqidir. Bu sistemə görə, şəhərətrafı ərazilərdən gələn vətəndaşlar avtomobillərini metroya yaxın ərazilərdə saxlayaraq şəhər mərkəzinə ictimai nəqliyyatla hərəkət edə biləcəklər.
Azadlıq prospekti, Nəsimi və 8 Noyabr stansiyalarına gəldikdə isə, ilk iki stansiyada sərnişin aktivliyi kifayət qədər yüksəkdir. 8 Noyabr stansiyasında isə sərnişin axınının artması üçün yeni stansiyaların tikintisi vacibdir və artıq bu istiqamətdə işlərə başlanılıb. Gələcəkdə bu xəttin daha da uzadılması, o cümlədən Ağ Şəhər istiqamətində genişləndirilməsi planlaşdırılır.
Ümumilikdə, qarşıdakı illərdə, xüsusilə 2030-cu ilə qədər həyata keçiriləcək layihələr Bakı metrosunun xəritəsini və sərnişin hərəkətini əhəmiyyətli dərəcədə dəyişəcək”.