Mbappe ağır zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vura bilər
"Real Madrid"in hücumçusu Kilian Mbappe aldığı zədə səbəbindən böyük ehtimalla 2025/2026 mövsümünün qalan oyunlarını qaçıracaq.
Operativ Media xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, zədə ilkin ehtimal olunandan daha ciddi çıxıb. Klubun oyunçunun vəziyyəti ilə bağlı rəsmi bəyanatının aprelin 27-də dərc ediləcəyi gözlənilir.
Daha əvvəl forvarda sol ayağın dizaltı vətərinin həddindən artıq yüklənməsi diaqnozu qoyulduğu bildirilmişdi. O, İspaniya çempionatının 32-ci turu çərçivəsində keçirilən "Betis"lə qarşılaşmanın (1:1) 81-ci dəqiqəsində əvəzlənmişdi.
Qeyd edək ki, 27 yaşlı fransız futbolçu bu mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 41 qol vurub və 6 məhsuldar ötürmə edib. O, həmçinin fevral və mart aylarında dizindəki problemlər səbəbindən bir neçə oyunu buraxmalı olmuşdu.