Bakının bəzi hissələrində qatarların illərdir keçmədiyi dəmir yolu xətləri var. Bunlara misal olaraq Əhməd Rəcəbli küçəsi, Binəqədi DSK yolu kimi tanınan ərazidəki dəmir yolu xətlərini və digərlərini göstərmək olar. İnsanları isə bir sual düşündürür: Bu dəmir yolları niyə sökülmür, yaxud niyə bərpa edilmir?
Mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova "Operativ Media"ya açıqlama verib.
Sənubər Nəzərovanın sözlərinə görə, Bakıdakı işlək olmayan dəmiryolu xətləri mərhələli şəkildə söküləcək.
"Azərbaycan Dəmir Yolları QSC-nin balansında dəmiryolu xətlərinin böyük əksəriyyəti hazırda işləkdir. Az bir qism Bakı ətrafında işlək olmayan xətlər var ki, onlar da dövlət büdcəsindən müvafiq vəsaitin ayrılması ilə yenidən qurulacaq. O ki, qaldı şəhərin mərkəzi hissələrindəki bəzi işlək olmayan xətlərə, onlar vaxtilə özəl sahibkarların balansında olub. Bəzi yollar var ki, bir vaxtlar zavodlar, anbarlar üçün çəkilib. Sonradan fəaliyyətini dayandıranlar olub. Bakının baş planının icrası ilə aidiyyəti qurumlar onların da söküntüsünü aparacaq”.






