"Restoranlar israfçılığın qarşısını alaraq imkansız şəxslərə kömək edə bilərlər" - EKSPERT

Nərmin Qocamanlı
"Restoranlar israfçılığın qarşısını alaraq imkansız şəxslərə kömək edə bilərlər" - EKSPERT

Ölkəmizdə həddindən çox kafe və restoran var ki, gündəlik olaraq kifayət qədər müştəri qəbul edir. Gələn hər 3 müştəridən biri isə sifariş verdiyi yeməyi sona çatdırmır. Gün sonuna çatdıqda artıq qalan yeməklərin hamısı zibil qabılarını doldurur. Təəssüf ki, ölkəmizdə kasıb və imkansız ailələr də az deyil. Ehtiyac sahibi insanlara qarşı laqeyd və israfçı münasibətin nümunəsi olan zibil qabılarına atılan yeməklər isə həmin ailələrin, bəlkə də, bir neçə günlük azuqəsidir. 

Bəs həm imkansız ailələrə dəstək məqsədilə, həm də israfçılığın qarşısını almaqdan ötrü restoran və kafelər hansı tədbirləri həyata keçirə bilər?

Mövzu ilə əlaqədar sosioloq Elçin Bayramlı "Operativ Media"ya açıqlamasında qeyd edib ki, Azərbaycan da bu mövzuda digər öllkələrin təcrübəsindən istifadə edə bilər:

Elçin Bayramlı: Yerli istehsalçılar sıradan çıxıb, onların yerini idxal  monopolistləri tutub. » Demotiya.com

"Əksər hallarda mağazalarda qalan meyvə-tərəvəz kimi məhsulları bir az büzüşən kimi, yəni tamam xarab olmamış zibilliyə atırlar. Halbuki bunu bir çox ölkələrdə müddətin bitməsinə az qalmış pulsuz şəkildə xüsusi rəflərdə qoyurlar ki, insanlar götürsün. Yaxud çox aşağı qiymətə satışa çıxarırlar ki, aztəminatlı ailələr bundan bəhrələnsin. Amma, bizim kimi əksər ölkələrdə biznesin əsas prinsipi odur ki, qiymətlər aşağı düşməsin. Ona görə də onların qiymətini nisbətən endirib sata bilərlər. Nəticə etibarilə əgər meyvə büzüşübsə, deməli, artıq bir neçə gündən qalma məhsuldur. İsrafçılıq həm günah, həm də cinayətdir. Çox aşağı maddi imkanlı insanlar bu məhsullardan istifadə edə bilmirlər. Bunu qanunla tənzimləmək də çətindir, çünki heç elə bir qanun yoxdur. Bu, artıq insanların, biznesmenlərin nə dərəcədə vicdanlı olduğunun göstəricisidir. Onlar düşünürlər ki, bir gün həmin meyvəni 50 qəpikdən, sabahısı 1 manat 50 qəpikdən satsalar, alıcıların gözünə yaxşı görünməz, bu səbəbdən tamamilə zibilliyə atmağa üstünlük verirlər. Burada müxtəlif bəhanələr gətirirlər ki, guya kimsə zəhərlənə bilər. Bunlar hamısı uydurmadır, hər kəs həmişə meyvəni ağacdan dərib yeməyib, büzüşmüş meyvədən də heç kim ölməyib. Kapitalizm sistemində bu adi haldır və dünyada nümunələri çoxdur. Məsələn, 30-cu illərdə Amerikada taxılın qiyməti düşməsin deyə, 2 milyon ton taxılı okeana tökdülər və neçə min adam acından öldü.

İsrafçılığın qarşısını almaqdan ötrü müəyyən tələblər, standartlar formalaşdırıla bilər ki, xüsusi bir şəbəkə təşkil olunsun və belə məhsulların atılması qadağan olunsun, tamamilə xarab olmamış məhsulların müxtəlif formalarda istifadəsi təşkil olunsun. Ölkənin məhsulu, əmtəəsi israfçılıq formasında məhv olunmamalıdır. Hansı ki, bizdə o məhsullara əhalinin müəyyən bir hissəsinin heç imkanı çatmır. Ən yaxşı nümunə Almaniyada və s. ölkələrdə olan sistemdir ki, istifadə müddətinin sonuna az qalmış qiymətlər tamamilə endirilir və bir-iki gün qalmış isə pulsuz şəkildə xüsusi vitrinlərə qoyulur. Hətta kilsələrə verilir və imkansız adamlar gəlib oradan pulsuz götürürlər".

Sevinc İbrahimzadə

 

Digər xəbərlər