
Oruc tutan şəxslərin düzgün və balanslı qidalanması vacibdir. Ramazan ayında günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir.
“Operativ Media”ya açıqlama verən həkim-dietoloq Tutu Zeynalova deyir ki, imsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır:
"Burada balans önəmlidir. Yaxşı olar ki, zülalla zəngin olan yumurta rasionumuzda olsun. Bundan əlavə, sıyıqlardan istifadə edə bilərsiniz. Məsələn, yulaf sıyığı ola bilər. Çörək istifadə edəcəyiksə, çovdar unundan olan çörəkdən istifadə etmək məsləhətdir. Orucumuzu su, xurma, zeytunla da aça bilərik. Suyun biraz isti olması daha yaxşı olar. Çünki birdən-birə soyuq suyu ac mədəyə ötürsək, bu mədədə spazmlara səbəb ola bilər".
Tutu Zeynalova bildirir ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır. Normadan artıq və fasiləsiz qida qəbul etmək ziyan olduğu kimi, həm də artıq çəki problemi yarada bilər:
"Bu il Ramazan ayında çox uzun müddət ac qalmayacağıq. Yəni 18-20 saat olmadığı üçün düşünürəm ki, insanlar çətinlik çəkməyəcək. Həm yuxumuzu ala bilərik, həm də sağlam qidalanaraq Ramazan ayını sağlam başa vura bilərik. Təbii ki, hər kəsin şəxsi seçimi olsa da,mütəmadi olaraq dərman qəbul edənlərin, hamilələrin və yaşlıların oruc tutmaması məsləhət görülür".