Ekspert: “Bir çox rayon quraqlıq təhlükəsi ilə üz-üzə qalacaq” 

Redaksiya
Ekspert: “Bir çox rayon quraqlıq təhlükəsi ilə üz-üzə qalacaq” 

“Azərbaycanın 15 faizinin çox yüksək quraqlıq riskinin olması yalnız iqlimlə bağlı deyil. Sudan düzgün istifadə edilməsə, bu rəqəm daha da artacaq”.

Bunu “Operativ Media”ya Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Aqşin Kərimov deyib.

Mütəxəsisin sözlərinə görə, problemin böyüyəcəyi illər əvvəldən bəlli idi. Lakin qabaqlayıcı tədbirlər görülmədi.

“Azərbaycanın ərazi relyefində dağlıq ərazinin çox olması üstünlüyüdür. İllər əvvəl xüsusi plan hazırlanmalı idi. Su anbarlarının sayı artırılmalı idi. Bununla yanaşı bizdə olan su israfçılığı da digər ölkələrlə müqayisədə çoxdur. Qonşu Türkiyədə yağış sularından belə istifadə olunur. Bizdə isə bu barədə heç düşünülmür. Su təsnifatına görə bölünməyib. Texniki su içməli sudan ayrılmayıb. Bütün Bakıda ancaq içməli su istifadə olunur. Su sərfiyyatının ən çox olduğu yerləri müəyyənləşdirmək lazımdır. Avtoyuma məntəqələri, parklarda olan ağacların sulanması texniki su ilə edilməlidir. Hər il şoranlaşan torpaq sahələrinin ölçməsi aparılmadığından konkret rayonları demək çətindir. Kür ovalığı və respublikanın qərb rayonları quraqlıq təhdidi ilə üz-üzədir”.

Aqşin Kərimov deyir ki, işğaldan azad olunan ərazilərin su resursları tam işlənməyib. Təcili olaraq yeni su anbarları inşa edilməlidir.

“Bəzi insanlar düşünür ki, yağış çox yağdısa, su anbarları dolacaq. Əslində su anbarlarının dolması yağış suyundan deyil, dağlarda olan qardan asılıdır. Sərsəng, Suqovuşan su anbarları ilə yanaşı yeni su anbarları tikilməlidir. Həkəri və Bərguşad çaylarının potensialı böyükdür. Kanalların yenilənməsi, torpaq arxların beton üzlük çəkilməsinə ehtiyac var. Dövlət qısa zamanda ciddi tədbrilərə başlamasa, quraq ərazilərin sayı daha da artacaq. Xəzər dənizinin suyunun azalması ilə bağlı biz heçnə edə bilmərik. Xəzərin suyu Volqa çayı hesabına təmin edilir. Volqa çayında su azaldığından Xəzərin səviyyəsi də enib”.

Digər xəbərlər