Rayonda 30 qəpiyə, Bakıda isə 3 manata satılan pomidor- səbəb nədir?

Fərrux Qocamanlı
Rayonda 30 qəpiyə, Bakıda isə 3 manata satılan pomidor- səbəb nədir?

Paytaxt bazarlarında və marketlərdə kiloqramı 2-3 manat və daha baha qiymətə təklif olunan pomidor, Şabran rayonunun Ağalıq kəndində alıcılara 40-50, hətta 30 qəpiyə təklif olunur. Sakinlər öz yetişdirdikləri məhsulları bazara çıxararaq alıcılara daha ucuz qiymətə təklif edirlər.

Bölgələrdə və Bakıda qiymətlər arasında fərqin bu qədər olmasının səbəbi nədir?

Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, qiymətlər arasındakı kəskin fərq bazarda monopoliyaların olması ilə bağlıdır:

“Hazırda yalnız pomidorun qiyməti deyil, xiyarın da qiyməti qalxıb. Xiyar 2 manat 50 qəpiyə satılır. Halbuki, bir həftə bundan öncə 1 manata satılırdı. Bu 2.5 dəfə artım deməkdir. Qiymət artımı bazarda monopoliyaların olması ilə bağlıdır. Biz bunu dəfələrlə demişik. Təəssüflər olsun ki, ölkədə bir topdansatış bazarı var. Bu monopoliyalar qiymətin alış və satış məbləğini müəyyən edir. Supermarketlərə və marketlərə məhsulu məhz onlar göndərir. Ona görə də bazarda paradoksal vəziyyət yaranır".

Ekspertin sözlərinə görə, rayonlarda pomidor istehsalı ilə məşğul olan fermerlərin məhsulu, bir çox halda bazara çıxarılmadığı üçün xarab olur:

"Kəndlilər istehsal etdikləri məhsulu bazara çıxarmaqda çətinlik çəkirlər. Fermer məhsulu öz ərazisində ucuz satmalı olur, Bakı şəhərinə gələndə isə qiymət dəfələrlə qalxır.  Bu da istehlakçı üçün əlçatan deyil. Rayonlarda pomidor istehsalı ilə məşğul olan fermerlərin məhsulu, bir çox halda bazara çıxarılmadığı üçün xarab olur. Bu çox ciddi problemdir. Hökumət bu monopoliyanı aradan götürməlidir. Bakıda bir neçə yerdə topdan satış bazarı olmalıdır. Yalnız bu halda problem aradan qalxa bilər”.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, məhsulların qiyməti ötən ilin iyul-avqust aylarına nisbətən kifayət qədər bahadır:

“Azərbaycan bu il meyvə tərəvəzin baha olmasının bir neçə səbəbi var. Bu il ölkədə istehsalda artım olmadı. Amma ixracat artdı. Bu il pomidor Rusiyaya daha çox ixrac edildi. Əgər istehsalat olduğu kimi qalar, ixracat artarsa, məhsullarda da qiymət yüksələr. İstehsalat artmalıdır ki, həm daxili bazarın təlabatı ödənsin, həm də artımı müsbət olsun. Təəssüf ki, ölkəmizdə istehsal artmır. Məhsul xaricə çox satıldıqca, daxili bazarda qiymət artır. Ötən ilin iyul-avqust aylarına nisbətən bu il qiymətlər kifayət qədər bahadır və aşağı düşməsi gözlənilmir”.  

Gülcahan Məmmədova

Digər xəbərlər